Azərbaycanda ovçuluğa Xüsusi Dövlət Mühafizə Xidməti nəzarət edəcək
27 fevral 2014 11:04 (UTC +04:00)

Azərbaycanda ovçuluğa Xüsusi Dövlət Mühafizə Xidməti nəzarət edəcək

Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkili və idarə edilməsi səlahiyyəti “Hərbi Ovçuluq İttifaqı”na verildi

 

Baş nazir Artur Rasizadə "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında qərar verib. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qərar Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində “Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında" prezidentin sərəncamının icrasını təmin etmək məqsədi ilə verilib.

 

Qərarda qeyd olunur ki, Cəmiyyətin bütün payları dövlətə məxsusdur. Cəmiyyət  öz fəaliyyətini Mülki Məcəllə, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. Cəmiyyətin ayrıca əmlakı var və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək, həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir.

 

Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilir.

 

Qərarda həmçinin Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətləri də müəyyən edilib.

 

Qeyd olunur ki, Cəmiyyətin əsas məqsədi ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilində və idarə edilməsində iştirak etməkdən ibarətdir.

Cəmiyyət ovçuları üzv qəbul etmək və üzv olmaları barədə onlara üzvlük bileti vermək, hər il üçün ovçulardan üzvlük haqqının vaxtında ödənilməsini tələb etmək, Azərbaycan Respublikasının “Xidməti və mülki silah haqqında”, “Ovçuluq haqqında” qanunları ilə müəyyən edilmiş qaydada ov silahını, atıcılıq sursatını, ovçuluq-balıqçılıq ləvazimatını, idman inventarını və digər ovçuluq əşyalarını almaq və satışını təşkil etmək, həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov alətlərinin (ov silahı və onun üçün sursat istisna olmaqla) istehsalını təşkil etmək, ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün tədbirlər həyata keçirmək, təbii fəlakət və digər səbəblər nəticəsində Cəmiyyətin istifadəsində olan ərazilərdə dağılmış və ya məhv olmuş ovçuluq təsərrüfatlarını bərpa etmək, ovçuluğun və ovçuluq təsərrüfatının təşkili və idarə edilməsi istiqamətində metodiki göstərişlər hazırlayıb, qabaqcıl təcrübələrin kütləvi informasiya vasitələrində təbliğ edilməsi işində iştirak etmək ovçuluq təsərrüfatında vəhşi heyvanların təbii və süni artırılmasına, onların yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlərdə iştirak etmək səlahiyyətinə malikdir.

Qərarda o da qeyd olunur ki, cəmiyyət ovçuluq təsərrüfatlarında ov əhəmiyyətli vəhşi heyvanların artırılmasına dair təkliflər verə, təbiətə buraxılmasında iştirak edə, ovçuluq, elmi tədqiqat, sağlamlaşdırma, təlim-tərbiyə, ekoloji maarifləndirmə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilməsinə dair təkliflər irəli sürə bilər.

“Hərbi Ovçuluq İttifaqı” MMC-nin nizamnamə kapitalı 500 000 (beş yüz min) manat məbləğindədir. Ümumi yığıncağın qərarı əsasında vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranan xalis mənfəət iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib qaydada bölüşdürülür. Cəmiyyət iştirakçının payını (və ya onun bir hissəsini) əldə etdiyi halda, həmin payı (və ya payın hissəsini) ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş müddətdə və qaydada satmalı və ya nizamnamə kapitalını azaltmalıdır. Cəmiyyətin illik hesabatları, mühasibat balansları, mənfəət və zərər hesabları, mənfəətin və zərərin bölüşdürülməsi qaydaları Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi tərəfindən təsdiq edilir. Cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən ildə bir dəfə iyul ayında çağırılır. Növbədənkənar ümumi yığıncaq icra orqanının təşəbbüsü, habelə müşahidə şurasının və iştirakçıların tələbi ilə çağırılır. “Hərbi Ovçuluq İttifaqı” MMC-nin səlahiyyətlərinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi (dəyişdirilməsi), nizamnamə kapitalının müəyyən edilməsi (dəyişdirilməsi), Cəmiyyətin işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiqi, Cəmiyyətin icra orqanının yaradılması, səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Müşahidə Şurasının seçilməsi daxildir.

 

Müşahidə şurası Cəmiyyətin icra orqanının fəaliyyətinə nəzarəti həyata keçirən orqandır. Müşahidə şurası tək sayda ən azı beş üzvdən ibarət olmaqla formalaşdırılır. Şuranın üzvləri ümumi yığıncaq tərəfindən iştirakçılardan və ya kənar şəxslərdən üç il müddətinə seçilən şəxslərdir. Ümumi yığıncaq müşahidə şurasının üzvləri sırasından şuranın sədrini seçir. Müşahidə şurasının iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müşahidə şurasının sədri onun iclaslarını üç ayda bir dəfədən az olmayaraq çağırır və iclaslara sədrlik edir. Müşahidə şurasının qərarları iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Səslər bərabər olduqda, müşahidə şurası sədrinin səsi həlledici hesab edilir. Müşahidə şurasının qərarları müşahidə şurasının sədri tərəfindən imzalanır. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Cəmiyyətin direktoru müşahidə şurasının üzvü seçilə bilməz. Cəmiyyətin direktoru, onun müavinləri, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərləri Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 976

Oxşar yazılar