"Ödənişli yollar dünyanın hər yerində var. Yaxın gələcəkdə Azərbaycanda da bunun reallaşması mümkün olacaq." Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov APA TV-yə bildirib ki, Azərbaycanda İpək yoluna paralel yeni avtomobil yolu çəkiləcək və bu yol ödənişli olacaq.
Mətbuat katibinin bildirdiyinə görə, bu məsələ Nəqliyyat Nazirliyinin ödənişli yollara dair həyata keçirməyi nəzərdə tutduğu layihələr arasında var.
Onun sözlərinə görə, ödənişli yolların çəkilməsi magistral yollarda nəqliyyatın sıxlığını da nisbətən aradan qaldıracaq. Belə ki, həmin yollarda maksimal sürət həddi olacaq və mənzil başına tez çatmaq istəyən sürücülər müəyyən məbləğ ödəməklə bu yolla daha rahat hərəkət edə biləcəklər: “Həmin yolun nə zaman yekunlaşmasını dəqiq demək hələ mümkün deyil. Çünki bu işlər mərhələli şəkildə aparılır. Hazırda 2014-2015 ci illər ərzində orda işlərin aparılması nəzərdə tutulur”.
N. Həsənov onu da bildirib ki, Nəqliyyat Nazirliyi hansı yolların pullu olması və buna nə qədər ödəniş edilməsi istiqamətində araşdırmalar aparır.