Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb.
APA-nın məlumatına görə, “2015-ci ildən sonrakı inkişaf gündəliyində mədəniyyət və davamlı inkişaf” iki gün davam edəcək Forumun əsas mövzusudur.
Forum “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” devizi altında keçirilir.
Müzakirələr ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan 21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr olunan layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin buradakı rolu ətrafında aparılacaq.
Forum Azərbaycan prezidentinin hamiliyi ilə keçirilir. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nın Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq siyasi, iqtisadi və mədəni güc mərkəzləri çıxış edir.
Forumda müxtəlif ölkələrdən 500-dən artıq nümayəndə iştirak edir.
Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi Foruma BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, UNESKO-nun baş direktoru İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni, İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, BMT-nin Dünya Turizm Təşkilatının baş katibinin turizm və sülh üzrə müşaviri Amr Abdel-Qaffar qatılıb.
Eyni zamanda tədbirdə Orta Şərq üzrə regional direktoru tərəfindən Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin təbrik məktubu oxunacaq.
Qeyd edək ki, I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2011-ci il aprelin 7-9-da Bakıda baş tutub. Forum iştirakçıları konseptual əsaslar, idarəetmə, siyasətə dair müxtəlif aspektlərdə mədəniyyətlərarası dialoq məsələlərini müzakirə ediblər.
II Forum isə 2013-cü il 29 may - 1 iyun tarixində Bakıda keçirilib.