Ən ucuz dovşan, ən baha təkədir
İyunun 1-dən etibarən açıq elan edilən ov mövsümündə respublika ərazisində vəhşi heyvanların ovlanmasına hansı müddətlərdə və hansı normalar daxilində icazə verildiyi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, respublika ərazisində 2013-2014-cü illərin ov mövsümündə vəhşi heyvanların ovlanması müddətləri və normaları aşağıdakı kimi müəyyən edilib;
- Təkə 01 iyun - 19 oktyabr 2013-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
- Qaban (çöl donuzu) 14 sentyabr - 21 dekabr 2013-cü il tarixlərində; 1 baş (3 nəfərdən az olmayan qrup ovçulara)
- Dovşan 09 noyabr 2013-cü il - 11 yanvar 2014-cü il tarixlərində; 2 baş (adambaşına)
- Bataqlıq qunduzu (nutriya) 12 oktyabr 2013-cü il-23 fevral 2014-cü il tarixlərində ( nutriya təsərrüfatı olan təşkilatlara volyerlərdə saxlamaq üçün ovlanmasına icazə verilir).
- Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə onların ilboyu ovlanmasına icazə verilir.
Vəhşi heyvanların sayının tənzimlənməsi məqsədilə ov edilməsinə aşağıda göstərilən regionların müvafiq ov sahələrində və ovçuluq təsərrüfatlarında icazə verilir:
- Qaban (çöl donuzu) - Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı;
- Təkə - Zaqatala, Şəki, Qax, Quba ;
- Dovşan - Dəvəçi, Kürdəmir, Salyan, Neftçala, Cəlilabad, Biləsuvar, Yevlax, Lənkəran, Zaqatala, Ağstafa, Qazax, Zərdab, Masallı, Quba, Xaçmaz, İmişli, Sabirabad, Saatlı.
Ov icazəsi Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti və Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Birdəfəlik ov icazəsinin qiyməti aşağıdakı kimi müəyyən edilmişdir:
- Dovşan 2 manat 20 qəpik;
- Çaqqal 3 manat 96 qəpik;
- Yenot və qunduz 1 manat 65 qəpik;
- Təkə 24 manat 75 qəpik;
- Qaban (çöl donuzu) 16 manat 50 qəpik.
Ağdam, Xanlar, Goranboy, Daşkəsən, Gədəbəy və Tərtər rayonlarında, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, xüsusi mühafizə olunan ərazilərdə, şəhərlərin və kurort ərazilərinin ətrafındakı 1 kilometrə qədər sahələrdə ov qadağan edilib.