Azərbaycanda gələn il 5,8-6,5 bal gücündə zəlzələ baş verə bilər
04 noyabr 2013 14:44 (UTC +04:00)

Azərbaycanda gələn il 5,8-6,5 bal gücündə zəlzələ baş verə bilər

Gələn il Azərbaycan ərazisində 5,8-6,5 bal gücündə zəlzələ baş verəcəyi proqnozlaşdırılır. Bu proqnoz Qlobal Zəlzələ Proqnozu Proqramının 2014-cü il təxminlərində öz əksini tapıb. Proqnozlarda gələn il dünyanın 12 bölgəsində güclü zəlzələlərin baş verə biləcəyi ehtimalı irəli sürülür, bu ölkələr sırasında İrandan sonra ikinci yeri Azərbaycan tutur. Gələn ilin proqnozlarına görə, İranın şimalında güclü zəlzələ baş verməsi ehtimalı çox böyükdür. Bu ölkənin şimalında, Azərbaycan sərhədlərində 6,3 – 7 bal gücündə zəlzələ proqnozlaşdırılır. Zəlzələ təhlükəsi böyük olan ölkələr sırasında Azərbaycan və Türkmənistan ikinci yerdə gəlir. Seysmoloqlar bu iki ölkədə baş verən zəlzələlər arasında əlaqə olduğunu bildirir. Azərbaycanda 5,8-6,5 bal gücündə zəlzələnin gələn ilin ilk yarısında ənənəvi zəlzələ episentrlərində baş verəcəyi ehtimal edilir. Türkmənistanda isə gələn ilin iyununda, yaxud ilin son rübündə 5,5-7 bal gücündə yeraltı təkanlar baş verəcəyi güman olunur. Hesabatda 2014-cü ildə Mərkəzi Asiya respublikalarında, Çində, Gürcüstanın şimalındakı dağlıq ərazilərdə, Ermənistanda, Pakistan, Hindistan və Rusiyada da güclü zəlzələlərlə bağlı proqnozlar öz əksini tapıb. Reytinq proqnozlara yalnız güclü zəlzələ ehtimalları daxil edilib, orta güclü və kiçik zəlzələlər nəzərə alınmayıb.
 
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bu proqnozlarla razılaşmır. O, APA TV-yə Azərbaycanda ildə 7-8 min müxtəlif ölçülü zəlzələlərin baş verdiyini deyib: “O proqnozu irəli sürənlər nağıl danışırlar. Proqnoz əsaslandırılmalı, onun elmi-nəzəri cəhətdən metodikası, izahı olmalıdır. Yeri olmalıdır, vaxtı olmalıdır, gücü olmalıdır. Olanda deyəcək ki, oldu, olmayanda isə heç yada düşməyəcək”.
 
Qurban Yetirmişi ənənəvi zəlzələ ocaqları fikrini də qəbul etmir: “Ənənəvi ocaqlar hansıdır? Azərbaycanda 120-dən çox zəlzələ ocağı var. Ənənəvi zəlzələ ocaqları bütün Azərbaycanı əhatə edir. Azərbaycanda ötən il 5.6-5.7 maqnitudada zəlzələ olub. Bu proqnozun özünü doğrultması üçün milləti hansı dağın başına çıxaraq və neçə ay gözləyək?”
 
Qurban Yetirmişlinin sözlərinə görə, tam dəqiqliklə zəlzələ proqnozu vermək mümkün deyil.
# 2056
avatar

Oxşar yazılar