“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində çalışan 7760 nəfər müəllimin əmək haqqı 500-1000 manat, 466 müəllimin əmək haqqı isə 1000 manatdan yuxarıdır”. Lent.az-ın məlumatına görə, bunu təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.
Nazir müavininin sözlərinə görə, bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə çalışan müəllimlərin əmək haqqı orta hesabla 35 faiz artıb. Nəticədə Bakı şəhərində müəllimlərin orta əmək haqqı ilə ölkə üzrə orta əmək haqqı arasındakı geriləmə aradan qaldırılıb. Hazırda bu fərq 6 faiz təşkil edir. C. Bayramovun sözlərinə görə, ilboyu keçirilən təlimlərin qiymətləndirilməsi nəticəsində 2200 nəfər arasından 853 nəfər ibtidai sinif müəllimi “Promethean” lövhəsi, 1546 nəfər kompüter ilə mükafatlandırılıb.