Hazırda Azərbaycanda görmə orqanının patologiyası üzrə əlillərin ümumi sayı 24,3 min nəfərdir.
Lent.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin 8 avqust - Beynəlxalq Oftalmoloqlar günü ilə bağlı yaydığı məlumatda deyilir.
Məlumatda bildirilib ki, ay ərzində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8 mindən artıq xəstə müraciət edir, onlardan 5 minə yaxını adətən ilk dəfə müraciət edən şəxslər olurlar. Masallı Regional şöbəsinə ay ərzində orta hesabla 460 artıq xəstə, Gəncə Filialına isə 1000 artıq xəstə müraciət edir. Qeydiyyatda olan xəstələrin ümumi sayı 92 976 nəfərdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Mərkəzin Masallı Regional şöbəsi və Gəncə Filialı göz xəstəliklərinə məruz qalan insanlara yüksək səviyyədə xidmət göstərir.
Mərkəzdə ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanının anatomik və funksional parametrlərinin daha dürüst öyrənilməsini mümkün edib ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturlarında aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəldib.
Bundan başqa, respublika əhalisinə yüksək səviyyəli oftalmoloji yardımın göstərilməsi çərçivəsinə Mərkəzin Səyyar klinikasının da fəaliyyəti daxildir. Səyyar klinika müasir diaqnostik və cərrahi oftalmoloji avadanlıqla, muxtar elektrik, istilik, kondisioner sistemləri ilə təchiz edilmiş iri qabaritli avtomobil olaraq, hər bir şəraitdə işləyə bilir. Burada xəstənin müayinəsi və cərrahi əməliyyatının aparılması üçün bütün imkanlar yaradılıb. Bu klinika ölkəmizin ən ucqar rayon və kəndlərinə müntəzəm şəkildə gedərək, əhaliyə yüksək ixtisaslı, müasir texnologiyalı cərrahi və terapevtik oftalmoloji yardım göstərir, Bakı şəhərində müxtəlif müəssisələrdə, məktəblərdə, uşaq baxçalarında kontingentin dispanser müayinəsini aparır.
Bu günə qədər Səyyar klinikada minlərlə xəstə müayinə olunub, yüzlərlə xəstədə cərrahi əməliyyat aparılıb.