Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti 18-19 may tarixlərində Seneqala rəsmi səfər edib.
Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər Azərbaycan və Seneqal Respublikası gömrük xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə etmək məqsədilə təşkil edilib.
Seneqal Baş Gömrük İdarəsinin dəvəti ilə gerçəkləşən səfərin ilk günü Aydın Əliyevin Seneqal Respublikası Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşü keçirilib.
Seneqal Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueye Azərbaycan Gömrük Xidmətinin əldə etdiyi uğurların Seneqal tərəfində maraqla qarşılandığını, o cümlədən, azərbaycanlı həmkarlarının təcrübəsini öyrənməkdə və gömrük işinin bütün sahələrində əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Aydın Əliyev isə Seneqal və Azərbaycanın dost ölkələr olduğunu, hər iki ölkə arasında diplomatik münasibətlərlə yanaşı, iqtisadi və digər sahələrdə ikitərəfli əlaqələr də formalaşmağa başladığını qeyd edib. 2014-cü ildə Seneqalın ilk rəsmi nümayəndə heyətinin Azərbaycana səfərini də xatırlayan Komitə sədri gömrük orqanları vasitəsilə yaradılan bu əməkdaşlıq əlaqələrinin hər iki ölkənin digər sahələrdə də qarşılıqlı münasibətlərinin yaradılması işinə töhfə verdiyini bildirib.
Görüşdə, iki ölkənin gömrük əməkdaşlarının potensialının gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonra “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Seneqal Respublikası Baş Gömrük İdarəsi arasında gömrük əməkdaşlarının potensialının gücləndirilməsi sahəsində qarşılıqlı yardım haqqında Saziş”in imzalanması mərasimi keçirilib. Sənədi Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Seneqal Respublikası Baş Gömrük İdarəsinin baş direktoru Papa Ousmane Gueye imzalayıblar.
Bundan başqa, səfər çərçivəsində mayın 19-da A. Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Seneqal Respublikası İqtisadiyyat, Maliyyə və Planlaşdırma nazirinin büdcə üzrə nazir-deleqatı Birima Mangara arasında da görüş olub.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Seneqal Respublikası Baş Gömrük İdarəsinin Dakar Gömrük Limanının Skaner Mərkəzinin işi ilə də yaxından tanış olub.