Azərbaycan jurnalistləri Prezident İlham Əliyevə məktub ünvanlayıb – MƏTN
11 iyul 2013 13:30 (UTC +04:00)

Azərbaycan jurnalistləri Prezident İlham Əliyevə məktub ünvanlayıb – MƏTN

Azərbaycan Jurnalistlərinin VI Qurultayının iştirakçıları prezident İlham Əliyevə məktub ünvanlayıb. Lent.az-ın məlumatına görə, məktubda deyilir:

 

“Möhtərəm cənab Prezident, Azərbaycanda mediaya göstərilən böyük diqqət və qayğı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Sizin uğurla həyata keçirdiyiniz çoxşaxəli siyasi kursun mühüm tərkib hissəsi kimi jurnalist ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılanmaqdadır. Kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müstəqilliklərinin genişləndirilməsinə, onların ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərinin dəstəklənməsinə, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına və sair bu kimi vəzifələrin gerçəkləşməsinə yönələn tədbirlər etibarlı media mühitinə sahib olduğumuzu təsdiqləyir. Bu gün Azərbaycanda dinamik sahə olan media ilə bağlı mühüm konfrans və seminarların düzənlənməsi ölkəmizin beynəlxalq imicinin də yüksəlməsinə xidmət edir.



Jurnalistlər özlərinin fikir və düşüncələrini sərbəst şəkildə bölüşür, arzu və istəklərini ifadə edən təşəbbüslər irəli sürürlər. Media ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması Sizin mediaya həssas münasibətinizdən qaynaqlanır. Bu həssaslığın növbəti nümunəsinin ağır xəstəliyə düçar olmuş həmkarımız Nicat Dağlara şamil olunmasına dair aldığımız xəbər bizləri ürəkdən sevindirdi.



Möhtərəm Cənab Prezident, Azərbaycan jurnalistlərinin VI qurultayına ünvanladığınız təbrik məktubunda ifadəsini tapan istiqamətlərin hər biri bizim üçün böyük etimad nümunəsidir. Sizə bir daha Azərbaycan jurnalistlərinin ali məclisinin timsalında ümumilikdə ölkə jurnalistikasına həssas yanaşdığınıza görə dərin təşəkkürümüzü bildirir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaq bilməyən fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar