Azərbaycan bu gün beynəlxalq arenada uğurlar qazanmış, sürətli iqtisadi-siyasi inkişafı ilə dünyəvi diqqət cəlb etməyi bacarmışdır. Azərbaycana qarşı olan maraq birtərəfli deyildir. Məlumdur ki, dövlətin uğurları digər dövlətləri heç də həmişə yaxşı mənada “maraqlandırmır”. Hər bir uğur öz arxasınca müəyyən çaxnaşmalar gətirir. Çünki dövlətin uğuru bununla barışa bilməyənlərin uğursuzluğudur. Qələbəyə mane olmağa çalışan qüvvələr daha da aktivləşir, istər daxili, istərsə də xarici “təbliğat aparatı” (N.M) işə qoşulur.
Avropa Olimpiya Komitəsi Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul edildikdən sonra keçən dövr ərzində oyunların yüksək səviyyədə təşkili ilə bağlı yaradılmış Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yaddaqalan şəkildə keçirilməsi məqsədilə mühüm işlərə imza atır. Yeni yaradılan və mövcud olan idman obyektlərinin əsaslı yenidənqurma işlərinin bugünkü tempi və səviyyəsi deməyə imkan verir ki, hazırlıq işləri vaxtında tamamlanacaq. Lakin ,təəssüf ki, ölkəmizin bu nailiyyəti bir qisim daxili və xarici qüvvələr tərəfindən təhrif olunmağa başlanılmışdır. Yerli və xarici KİV-də reallığa uyğun olmayan, qeyri-obyektiv paylaşılan məlumatlar oyunqabağı Azərbaycanın imicinin pozulmasına yönəlmiş addımlardır.
Dövlətinə, millətinə bağlı olan hər bir vətəndaş siyasi mənsubiyyətindən asılı olmayaraq dövlətinin uğurlarını daha da qabartmalıdır. Milli iftixar və sevgi hissi ilə yanaşmalıdır. Avropa oyunları nəinki Avropa, eləcə də dünya tarixinə Azərbaycan adını həkk edəcəkdir. Heç bir əsası olmayan, yanlış məlumatlarla bu oyunları ləkələmək deyil, Azərbaycanın bu oyunları layiqincə keçirməsi, ölkəmizin daha real tanınması üçün əmək lazımdır.
İdman oyunlarından hər hansı bir “siyasi oyun” kimi faydalanmağa çalışan istər yerli, istərsə xarici qüvvələrin bütün cəhdləri yenə də iflasa uğrayacaq. 2012-ci il də ölkəmiz üçün əhəmiyyətli bir tədbirlə yadda qalmışdı : “Eurovision mahnı müsabiqəsi”. Bu tədbir ərəfəsində də ölkəmizin imicini zədələməyə niyyətlənən bir sıra aksiyalar, fəaliyyətlər reallaşmışdı. Lakin bu arzuda olanlar üçün fiasko qaçılmaz oldu. Nəticə göz qabağındadır; Azərbaycan mötəbər tədbirə əlamətdar şəkildə ev sahibliyi etdi, mentalitetimizə xas olan qonaqpərvərlik Eurovision tarixində də ilkə imza atdı. Əsas işi sözə yox, fəaliyyətə vermək lazımdır. Çünki nəticə təhrif oluna bilməz, fəaliyyət, əmək, zəhmət öz nəticəsini verəcək və Bakı Avropa oyunları Avropa tarixində ilk və əvəzsiz bir yarış olaraq qeyd olunacaq.
Nailə Məmmədova
Azerbaijan Realities