Dünyanın 20 ölkəsini birləşdirən G20 qrupuna Türkiyənin sədrliyi çərçivəsində İstanbulda enerji davamlılığı üzrə işçi qrupunun ikinci iclası keçirilib. Lent.az-ın Energetika Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin İqtisadiyyat, elm və innovasiya şöbəsinin böyük məsləhətçisi Nərgiz Bağırlı da Azərbaycan nümayəndə heyətinin tərkibində bu toplantıda iştirak edib.
Bu ilki toplantıda müzakirələr 5 istiqamət üzrə aparılıb: hamı üçün enerji; enerji səmərəliliyi; neft-qaz və neft məhsulları bazarında şəffaflıq; qeyri səmərəli mineral yanacaq subsidiyaları və bərpa olunan enerji məsələləri. Dünyada enerjiyə əlçatanlıq göstərici zəif olan Afrika qitəsi ölkələri üçün enerji təminatının həlli yollarını əks etdirən fəaliyyət planı, enerjidən səmərəli istifadənin vacibliyi, səmərəsiz yanacaq subsidiyalarının ləğvi, eləcə də bərpa olunan enerji mənbələrinin ənənəvi enerji resursları ilə rəqabətə davamlılığını şərtləndirən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, əsas müzakirə mövzularından olan neft-qaz və neft məhsulları bazarında şəffaflığının təmin olunması məqsədilə yaradılmış Məlumat Bazası üzrə Təşkilatların Birgə Təşəbbüsünə qoşulanlardan biri məhz Azərbaycandır. Türkiyənin sədrliyi çərçivəsində bu ilin oktyabrında enerji nazirlərinin görüşü də planlaşdırılır. Türkiyə G20 qrupuna ötən il dekabrın 1-dən sədrlik edir və bu müddət 2015-ci il noyabrın 30-dək davam edəcək. Türkiyənin sədrliyi dövründə dövlət başçılarının iştirakı ilə keçiriləcək zirvə toplantısında, habelə müxtəlif səpkili toplantılarda Azərbaycan da tamhüquqlu üzv kimi iştiraka dəvət alıb. Dünya iqtisadiyyatının 90%-ni, dünya ticarətinin 80%-ni və dünya əhalisinin üçdə ikisini təmsil edən G20 qrupu inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatları eyni platformada bir araya gətirir. Onun gündəliyi qlobal inkişaf, enerji səmərəliliyi, iqlim dəyişikliyi, yoxsulluğun aradan qaldırılması, ticarət, məşğulluq, qida təhlükəsizliyi və digər sahələri əhatə edir.