Bir qrup Azərbaycan dili və ədəbiyyatı müəllimi Lent.az-a məktubla müraciət edib. Müraciətdə ictimai yüklü fənlərdən olan Azərbaycan dili və Ədəbiyyat fənlərinin birləşdirilməsi haqqında yayılan xəbərlərdən narahatlıq ifadə olunur: "Hər iki fənnin birləşdirilməsi barəsində yeni kurikulum sənədi hazırlanır. Orta ümumtəhsil məktəblərində fənlərin sayının azaldılması ideyası çoxdan ortaya atılıb. İdeyaya görə, fənlərin bəziləri birləşdirilməli, yaxud imtina edilməlidir. Ədəbiyyatın tədrisi metodikası üzrə tanınmış alim professor Şəmistan Mikayılovun məqaləsindən də aydın olur ki, (“Təhsil problemləri” qəzeti, 8 avqust 2015) Azərbaycan dili və Ədəbiyyat fənlərinin birləşdirilməsi fikri artıq ciddiləşib".
Lent.az-ın sorğusunu cavablandıran Təhsil Nazirliyi belə bir məsələnin nəzərdə tutulmadığını bildirib.
Məsələ ilə bağlı həmsöhbət olduğumuz Azərbaycan Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasovun dediyinə görə, deyilənlərin hamısı şaiyədir: “Azərbaycan dili və ədəbiyyat fənləri necə birləşdirilə bilər, axı?! Hər ikisi çox vacib, tam ayrı məzmunlu fənlərdir. Əvvəla, fənnin adı Nazirlik tərəfindən təsdiqlənir. Birləşdirilsəydi, bu məsələ Nazirlik tərəfindən müzakirə edilərdi. Fənlər yeni tədris ilindən yenə ənənəvi qaydada tədris olunacaq”.