Avropa Birliyinin “Parlament Jurnalı” (www.theparliamentmagazine.eu) ATƏT Parlament Assambleyasının Büro üzvü və Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyevin məqaləsini dərc edib.
Lent.az-ın məlumatına görə, millət vəkili A.Quliyev “Xəzər regionundakı tərəfdaş üçün anlaşılmazlığı ilə seçilən Riqa Sammiti” adlı məqalədə tək Riqa Sammiti haqda deyil, ümumiyyətlə son dövrlərdə ölkəmizə qarşı aparılan çirkin, qərəzli kampaniya, ikili standartlara toxunub.
A. Quliyev məqalədə Riqa sammitinin konkret nəticələr vermədiyini və həmişəki kimi ikili standartlar və birmənalı olmaması ilə yadda qaldığını qeyd edib.
A.Quliyev hesab edir ki, imzalanan Riqa Bəyannaməsi ambisiya yetərsizliyi ilə yadda qalıb. Belə ki, Aİ-nin rəhbər şəxsləri “Ukraynanın ərazi bütövlüyünə” xüsusi nəzər yetirsələr də Azərbaycan ərazisinin 20%-nin 25 ildir Ermənistan tərəfindən işğalda saxlanması faktını nədənsə xatırlamaq istəmədilər. Bu qanunsuz işğal faktı özü özlüyündə Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından dərhal çıxarılması və 1 milyondan artıq məcburi köçkün və qaçqının öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı Avropa Parlamenti, BMT, Avropa Şurası və ATƏT-in qətnamələrinə davamlı olaraq hörmətsizlik edilməsinin bariz nümunəsidir.
Daha sonra məqalədə regiondakı gərginliyə və İslam Radikalizminin artan təhdidlərinə baxmayaraq Azərbaycanın Cənubi Qafqazda terrorizm və dini fanatizmlə aktiv şəkildə mübarizə aparan geosiyasi baxımdan sabit ölkə olaraq qaldığı, eyni zamanda ölkəmizin strateji, iqtisadi və siyasi tərəfdaş kimi böyük rolu vurğulanıb.
Azərbaycanlı millət vəkili qeyd edir ki, Aİ və Azərbaycan hər iki tərəf üçün eyni dərəcədə faydalı olacaq şərtlər daxilində öz güclü əməkdaşlıqlarını daha da möhkəmləndirməyə çalışmalıdır.
Avropa Birliyinin jurnalında dərc olunan məqalədə daha diqqəti cəlb edən daha bir məqam “Aİ-nin Azərbaycan ilə davamlı, açıq və konstruktiv dialoq aparmaqda maraqlıdırsa, o zaman təşkilat əsassız və ədalətsiz qərar və bəyanatlar vasitəsilə verdiyi neqativ ismarışların əksinə müsbət və birləşdirici əhəmiyyət daşıyan ismarışlar verməlidir” çağırışıdır. Millət vəkilinin qənaətinə görə “İlk Avropa Oyunları isə bu baxımdan əla bir imkandır”.
Yekunda bildirilir ki, qeyd edilənlərə nail olmaq üçün Avronest Parlament Assambleyası çərçivəsində Avropa Parlamentinin yardımı və əməkdaşlığı Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.
Qeyd edək ki, millət vəkili Azay Quliyev bu il ərzində artıq 3-cü analitik məqaləsidir ki, Avropa Birliyinin fərqli dərgilərində dərc olunur.
Məqalənin linki aşağıdakıdır: