Gənclər və idman naziri Azad Rəhimov Britaniya Parlamentinin Azərbaycan qrupunun üzvləri ilə görüşüb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Mühafizəkarlar, Leyborist və Liberal demokrat partiyalarını təmsil edən 11 parlament üzvü iştirak edib.
Azad Rəhimov qonaqlara rəhbərlik etdiyi qurumun yaranma tarixi, gənclər və idman sahələrində görülən işlər, ölkədə fəaliyyət göstərən QHT-lər, qəbul olunan Dövlət Proqramları haqda danışıb. Nazir eyni zamanda, idman sahəsində Azərbaycanın çox böyük layihələrə ev sahibliyi etdiyini diqqətə çatdırıb, buna misal olaraq ölkəmizdə I Avropa oyunları, Formula 1 Grand Prix kimi mötəbər turnirlərin keçirildiyini, bununla yanaşı sentyabr ayında paytaxtda Beynəlxalq Şahmat Olimpiadasının, 2017-ci ildə isə İslam Həmrəyliyi oyunlarının baş tutacağını bildirib.
İngiltərə Parlamentinin Azərbaycan qrupunun üzvləri hər iki sahədə Azərbaycanda həyata keçirilən tədbirlərin, beynəlxalq səviyyəli nüfuzlu yarışların ölkənin imicinə çox müsbət təsir göstərdiyini, son illər isə bu təsirin daha əyani şəkildə göründüyünü qeyd ediblər. Qonaqlar Britaniya ilə Azərbaycan arasında istər gənclər, istərsə də idman sahələrində maraqlı layihələrin həyata keçirilməsinin mümkünlüyü diqqətə çatdırıb, birgə əməkdaşlığın hər iki ölkə arasında əlaqələrin daha sıx olmasına şərait yaradacağını vurğulayıblar.