Mən hələ nənəsindən sevə-sevə danışmayan adama rast gəlməmişəm. Belə olmur.
Nə sirdisə, bütün nənələr sevimli olur. Bilmirəm nə sirdi.
Çünki ancaq nəvələr onlardan belə ürəkdən, ağızdolusu, şirin-şirin danışırlar.
Qadın onsuz da sevən varlıqdı. Əzizləməyi də, qucaqlamağı da, sığallamağı da doğuşdan bacarır.
Yəqin yaşa dolanda bacarığı ikiqat artır.
Yəqin qocaldıqca insan qadın üçün daha qiymətli olur.
Məncə, cənnət nənələrin ayaqları altındadı.
Çünki ancaq nənəmin dizinin dibində rahatlıq tapardım.
Nənəmin bir sehrli qazançası vardı.
İçi boşalmazdı. Qapını döyən adamın kim olduğunu hələ bilmədən onu yeməyə çağırardı:
- A bala, kimsən, gəl içəri, yaxşı xörəyim var.
Bala da gələrdi, yeyərdi, doymazdı. Nənəm yeməyin nazıyla oynamazdı, amma nazlaya-nazlaya bişirərdi yeməyi.
Onun yeməklərinin resepti yox idi. Qazançasını qoyardı peçin üstünə və əlinə keçəndən bir yemək bişirərdi, bir yemək bişirərdi, gözün bərələ qalardı daddan.
O balaca qazançaya nə qədər adam qonaq olardı. Niyə heç bitməzdi yemək, bunun ancaq bir mistik şamansayağı izahı var: bərəkətli idi nənəmin qazançası.
Nənəmdən ruzi yağırdı.
Heç vaxt övladlarına yük olmadı. Heç vaxt...
Yas pulunu da yığıb saxlamışdı. Qəbir daşının, torpağının da xərcini yığmışdı. Alim idi nənəm. Riyaziyyatın, fizikanın anasını ağladardı.
Ölənə kimi işlədi. Və heç bir qüvvə onu bu işdən ayıra bilməzdi. Mən ağrıyırdım, yanırdım onun qoca yaşında ayağını çəkə-çəkə işə getməsinə. Deyirdim, nənə, əziyyət çəkirsən, çıx işdən, işləmə, nə məcburdu, uşaqların baxar sənə. Elə mehriban ifadə alardı üzü, elə qılıqlı ton qatardı səsinə, elə deyərdi ki, sən işlə, söz verirəm, sən işə çıxan gün mən də işdən çıxacam.
Həmin vaxtlar mənim əlim üzülüydü hər yerdən. Nə edəcəyimi bilmirdim.
Bir gün evdə özümçün mahnı oxuyurdum. Tələsik otağa gəlib dedi:
- Sən get Opera və Balet teatrına işə düzəl.
- Ay nənə, kimdi məni ora işə götürən. Musiqi təhsilim də yoxdu.
- Sən qarderoba düzəl. (Nənəm eşitmişdi ki, teatr qarderobdan başlayır)
- Qarderoba?
- Hə, bir az işlə orda, sonra yavaş-yavaş səhnəyə çıxarsan.
- Ay nənə, kim adamı qarderobdan səhnəyə çıxarar?
- Sən rejissor oralardan keçəndə astadan oxuyarsan. O da görəcək ki, səsin gözəldi, səni səhnəyə çıxaracaq.
- Qarderobda işləyim və rejissor keçəndə yavaşdan mahnı oxuyum?
- Guya indi neynirsən ki?
Hə, belə nənəm vardı mənim. Zəhmət çəkmək heç bir halda ayıb sayılmazdı onun üçün. Bizi də - məni də elə öyrətmişdi. Nənəmin birinci elmi işini təsdiqləməmişdilər. Adamı-tanışı yox idi, üstəlik, komissiya üzvümü, rəhbərimi pisin biriymiş, imkan verməyib nənəm müdafiə etsin. Nənəm üçün elmdən böyük heç nə yox idi yer üzündə. Həmin adam nənəmə deyib ki, mövzu sizlik deyil, gedin filan mövzuda işləyin. Nənəm də eləməyib tənbəllik, sınmayıb, gücənməyib, yazdığı elmi işi aparıb atıb çaya. Oturub təzədən özünə aid olmayan sahədən elmi iş yazıb gecə-gündüz. Ətəyində də 3 körpə.
APİ-ni Stalin təqaüdçüsü kimi bitirib mənim nənəm. Müəllimlər başına and içirlərmiş. O qədər savadlı idi ki, sözə gəlməz.
Şairlərlə görüşlər keçirərdi Universitetdə. Məni də aparardı.
O vaxt dəb idi. Adamlar bir-birindən “Kirpi” jurnalına şikayətlər yazırdılar. Bir Əhməd müəllim vardı, o da nənəmdən şikayət yazmışdı. Yazmışdı ki, nəvəsini APİ-də böyüdür)))
Nənəm hər yerə məni özüylə aparardı: pambığa da. Çox xəstə olardım uşaq vaxtı. Atam astmatik idi, mənim də xroniki astma təhlükəm vardı. Nənəm məni Yaltaya müalicəyə aparmışdı. Hər gün orda qəribə bir köpük vardı, ondan yeməyə gedirdik. Bir gün köpüyün şüşə qabını salıb sındırdım. Yeyirdin, sonra ortası deşik qaşığı da vardı, ikisini də təhvil verirdin kafeyə. Qabı sındırdım, nənəm anam kimi çımxırmadı. Gizlicə şüşəni yığıb çantasında gizlətdi, qaşığı da evə apardıq özümüzlə. Uzun müddət o qaşığı yanımda gəzdirdim.
Nənəmin məni bağçaya aparması da yadımdadı. Boynuna alıb “quzu alan, quzu alan” səsləyirdi.
Hər dəfə “nənə, quzu alan eliyək də” xahişimi anında yerinə yetirirdi. Heç vaxt etiraz etməzdi.
İşlərim alınmırdı. Hara üz tutsam boş qayıdırdım. Bir gün nənəm məni xəlvətə çəkib dedi:
- Qızım, bu işlər rüşvətsiz olmur. Al bu pulu, heç kimə demə, apar ver o yerin rəhbərinə. Sən mənə qulaq as, pulsuz heç kimi işə götürmürlər indiki zamanda.
Matım-qutum qurudu. Rüşvətlə işə düzəlmək? Bəs mənim bacarığım, istedadım? Həm də utanmışdım yaman. Nənəmin məni elə çarəsiz görməyindən utanmışdım. O qədər yaxşı idi ki, adam utanırdı. Həmişə nənəm üçün nələrsə eləmək arzusunda olmuşam. Gördü pisimə gəlir, dedi ki, borc kimi götür, maaş alanda qaytararsan.
Davamı sabah...