Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Macarıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İmre Laslotskini qəbul edib.
Komitədən Lent.az-a verilən məlumata görə, Aydın Əliyev Azərbaycanla Macarıstan arasında təşəkkül tapmış qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin bundan sonra da müsbət məcrada inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Komitə sədri bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərini yüksək qiymətləndirib, əməkdaşlığın dərinləşdirilməsi üçün təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb.
Səfir İmre Laslotski ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.
Macarıstan ilə Azərbaycan arasında gömrük sferasında qarşılıqlı əməkdaşlıqdan razı qaldığını deyən səfir qeyd edib ki, münasibətlərin daha da intensivləşdirilməsi ilə bağlı proseslərdə yaxından iştirak edəcək.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.