Avropa Oyunları Azərbaycanın dünyaya sülh çağırışıdır
12 may 2015 15:35 (UTC +04:00)

Avropa Oyunları Azərbaycanın dünyaya sülh çağırışıdır

Azərbaycanda Birinci Avropa Oyunlarının keçirilməsinə qısa zaman qalıb. İlk dəfə Bakıda keçiriləcək bu mötəbər idman yarışı ölkə insanlarının həyatına xüsusi bir yenilik gətirməkdədir. Lakin bəzi xarici siyasi dairələr Birinci Avropa Oyunları ərəfəsində Azərbaycanın bu oyunlara ev sahibliyi etməsindən açıq şəkildə “narahat” olmağa başlayıblar. Xüsusilə, Azərbaycanın dünyada artan nüfuzunun, iqtisadi inkişafının, multikultural dəyərlərin mühafizə edilərək qorunmasında dövlətimizin uğurlu siyasətindən rahatsız olan güc mərkəzləri artıq öz “qüvvə”sini ortaya qoyub. Birinci Avropa Oyunları özünün mahiyyətindən daha çox qloballaşan dünyada siyasi təbliğat vasitəsinə çevrilib. Biz Azərbaycan olaraq, bu idman yarışında ölkəmizlə bağlı həqiqətləri dünyaya çatdırmaq imkanı əldə etmişik:

Əvvəla, birinci Avropa Oyunları Azərbaycanın milli mənafelərinin qorunması, ölkəmizlə bağlı həqiqətlərin dünyaya olduğu kimi çatdırılması baxımından fürsət kimi dəyərləndirilməlidir. Xüsusi olaraq, Ermənistanın təcavüzkar olması və Azərbaycanın tarixi Qarabağ torpaqlarının öz işğalı altında saxlaması, bu işğal nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin salınması faktını görüşlərdə, mətbuat konfranslarında ayrıca diqqətə çatdırmaq imkanlarımız yaranacaq.

İkincisi, bu gün dünyada müsəlman ölkələrində baş verən qanlı proseslər, məsələn, “İŞİD” terror qruplaşmasının yaratdığı “vəhşi müsəlman” obrazını demokratik- müsəlman ölkəsi olan Azərbaycan Birinci Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə, nümunəvi müsəlman kimliyi ilə bu obrazı darmadağın etmiş olacaq. Bununla da İslam mədəniyyətinin bir parçası olan Azərbaycan beynəlxalq aləmə ilk dəfə Şərqdə demokratik cümhuriyyətin varisi olduğunu əyani şəkildə isbatlayacaqdır. Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı insan haqları və digər bu kimi məsələlərlə bağlı anti-kampaniya aparan Qərb və bəzi Avropa ölkələri Əfqanıstanda, İraqda, Suriyada, Yəməndə milyonlarla müsəlmanın hüququnu illərdir tapdalayır. Unutmamalıyıq ki, belə “demokratik güc mərkəzləri”nin fitnəsi və himayəsi ilə uzun zamandır bu müsəlman ölkələri məzhəblərarası savaş meydanına çevrilib.

Üçüncüsü, Azərbaycan həm də tolerant, multikultural dəyərlərin qorunduğu nümunəvi müsəlman ölkəsidir. Bu bir daha ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində də öz təsdiqini tapacaq. Belə ki, Azərbaycana gələcək idmançıların, media nümayəndələrinin, turistlərin rahat şəkildə ibadət etməsi üçün Təşkilat Komitəsi tərəfindən öncədən xüsusi yerlər ayrılıb. Dövlətimiz göründüyü kimi, yarışlarda iştirak edəcək qonaqların dini ayinlərin icrası üçün hətta ibadət yerlərini belə müəyyən etməklə, öz tolerant siyasətini uğurla yerinə yetirmiş olur. Həm də bu beynəlxalq yarış demokratik-müsəlman ölkəsi olan Azərbaycanın dünyaya sülh çağırışıdır.

Əslində bu sıralamaya milli mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz, qonaqpərvərlik və digər mühüm amilləri də əlavə etmək olardı. Lakin dünyada baş verən siyasi proseslərin fonunda yuxarıda sadaladığım əsas məqamlar Birinci Avropa Oyunları ərəfəsində beynəlxalq aləmin diqqət mərkəzində olacaq. Biz Azərbaycan olaraq, Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə yanaşı, bir vətəndaş olaraq dövlətimizin yanında yer almalıyıq. Hər birimiz siyasi kimliyimizlə deyil, öz milli mənafelərimizi nəzərə alaraq, Vətən, dövlət, bayraq və məmləkət məsələsi baxımından bu yarışın əhəmiyyətini azaltmağa çalışan daxili və xarici qüvvələrə qarşı barışmaz mövqe göstərməliyik. 

Seyid Camal Əzimbəyli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207
avatar

Oxşar yazılar