“Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsi ilə bağlı keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb.
APA-nın xəbərinə görə, müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən təşkil olunub.
Müsabiqənin keçirilməsində məqsəd AVCİYA-nın "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinə geniş oxucu və tamaşaçı kütləsinin marağını formalaşdırmaqdan, səsvermə prosesini stimullaşdırmaqdan və aksiyanın əhəmiyyətini qabartmaqdan ibarət olub. Müsabiqədə elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, yaşından asılı olmayaraq müstəqil müəlliflər iştirak edib. Müsabiqə 2 nominasiyada (“Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr, müsahibələr” və “Televiziya və radioda getmiş veriliş, süjet və ya reportajlar”) təşkil olunub.
Müsabiqəyə 6 aprel 2016-cı ildən 15 may 2016-cı il tarixədək dərc olunmuş, nümayiş etdirilmiş və ya səsləndirilmiş məqalə, müsahibə, süjet, reportajlar təqdim olunub. Müsabiqəyə 2016-cı ilin may ayında yekun vurulub. I yerin qalibinə 750 manat, II yerin qalibinə 500 manat, III yerin qalibinə isə 250 manat pul mükafatları və xüsusi diplomlar təqdim edilib. Yazılı və elektron media üzrə Leyla Məhərrəmova (Azadinform.az) I yerə, Elşad Məmmədli (“Yeni Müsavat”) II yerə, Asif Nərimanlı (Publika.az) və Rəsmiyyə Rzalı-Qarayeva (Vətəninfo.az) III yerə, Televiziya üzrə Ələsgər Əliyev (İTV) I yerə, Ülviyyə Zülfüqar (ATV) II yerə, Günel Səfərli (Lider tv) və Leyla Abbasova (Region tv) III yerə layiq görülüblər.
APA informasiya agentliyi Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının fəaliyyətinin işıqlandırılmasında əvəzsiz yardımına görə xüsusi diploma layiq görülüb.
Qeyd edək ki, AVCİYA bu il aprelin 6-da “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb. Bu müraciətdə Avropa ŞurasıParlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılıb. AdministrasiyayaAŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış da edilib.