Astaralı arıçı: "100 kq-dan çox balı əsgərlərimizə bağışlayıram"
Astara rayonunun Şiyəkərən kənd sakini, 80 yaşlı Hacı Əsgər Zeynalov Azərbaycan əsgərlərinə ozünəməxsus şəkildə dəstək olmağa, tədarük etdiyi balın 108 kiloqramını cəbhə bölgəsinə yola salmağa qərar verib.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Hacı Əsgər Zeynalov 30 ildən artıqdır arıçılıqla məşğuldur. Fermer təsərrüfatında 100-ə yaxın arı ailəsi bəsləyir.
Arıçı deyir ki, müharibə gedən ölkədə hər bir vətəndaş öz üzərinə düşən vəzifəni dərk etməli, yaşından və vəzifəsindən asılı olmayaraq, orduya əlindən gələn köməyi əsirgəməməlidir. Bunu nəzərə alan fermer özünün qulluq edib bəslədiyi arılardan aldığı 108 kiloqram təmiz balı əsgərlərə göndərməyə qərar verib: "İstəyirəm ki, öz halal zəhmətimdən 100 kiloqramdan çox təmiz balı əsgərlərimiz üçün göndərim, qoy yeyib sağlam olsunlar. Bizim qüdrətli ordumuz var, həmişə qalib gəlib, bundan sonra da çoxlu zəfərlər çalacaq. Baxmayaraq ki, mənin 80 yaşım var, mən yenə bizim prezidentin çağırışına hər an hazıram. İstəyirəm ki, təcrübəli döyüşçü kimi gedim cəbhə bölgəsinə, orada avtomatı əlimə alıb düşmənlə vuruşum. Erməni qan görən kimi qorxub qaçar, onlar çox qorxaq millətdir".
Hacı Əsgər Zeynalovun ömür-gün yoldaşı Həqiqət Zeynalova da ordumuzun zəfərlərindən sevinc hissi keçirdiyini dilə gətirib. O, həyat yoldaşının xeyirxah missiyasının hərbçilərə mənəvi stimul verəcəyinə inanır: "Ordumuzun qələbəsi bizim hamımızı sevindirir. Arzu edirəm ki, tezliklə müharibə başa çatsın, xalqımız sülh şəraitində yaşasın. Bunun üçün hər gün Allaha yalvarıram, qurban boyun olmuşam. Nəzir-niyaz verirəm, namaz üstündə həmişə dua edirəm. Dua edirəm ki, Allah-təala bizim prezidentimizə qələbə bəxş etsin!"
Qeyd edək ki, astaralı fermer balı hərbçilərə çatdırmaqdan ötrü Astara Rayon İcra Hakimiyyətinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Astara rayon şöbəsinə müraciət edib.
205