Sentyabrın 17-də Astara şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin tədbirlər planına uyğun olaraq növbəti əmək yarmarkası keçirilib. Astara Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd rayonda olan əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin edilməsinə kömək göstərmək olub.
Yarmarkada iştirak edən vətəndaşlara 18 dövlət, 5 özəl müəssisə və təşkilat tərəfindən 198 boş iş yeri təqdim olunub. Bu iş yerlərinə görə 150 manatdan 550 manatadək əmək haqqı təklif edilib. 300-dən yuxarı işaxtaran və işsiz vətəndaşın iştirak etdiyi yarmarkanın sonunda 47 nəfərə daimi iş yerinə göndəriş verilib. Daha 16 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.