[b]İranla Azərbaycan arasında dəmir yolu körpüsünün təməli qoyuldu [/b]
20 aprel 2016 18:04 (UTC +04:00)

[b]İranla Azərbaycan arasında dəmir yolu körpüsünün təməli qoyuldu [/b]

 

Bu gün Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təməlqoyma mərasimində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın Rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, eləcə də Azərbaycan və İranın aidiyyəti qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

İqtisadiyyat naziri Şahin Mustafayev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilk olaraq Azərbaycan ərazisində Astara dəmir yolu stansiyasından İran İslam Respublikasının sərhədinə kimi olan 8,3 km-lik yolda aparılan işlərlə tanış olub.

 

Tədbirdə çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini, möhkəm təməllər üzərində qurulan çoxşaxəli münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb və  dövlət başçısının fevralın 23-də İrana səfəri çərçivəsində imzalanmış sənədlərin bu  əlaqələrin inkişafında xüsusi əhəmiyyətini qeyd edib: “ Bu gün təməli qoyulmuş dəmir yolu körpüsünün tikintisi də məhz həmin səfər zamanı imzalanmış Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə və ölkələrimizin dəmir yolu qurumları arasında Müqaviləyə uyğun olaraq reallaşdırılacaq. İkitərəfli və transmilli layihələr üzrə daha fəal əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycan və İran nəqliyyat sahəsində, eləcə də alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı və xərclər baxımından rəqabətqabiliyyətli olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində fəal əməkdaşlıq edir. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımaların həyata keçirilməsi planlaşdırılır ki, bu da hər il milyonlarla ton yükün ölkələrimiz üzərindən tranzit keçidi deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 mln. ton, növbəti mərhələdə isə 10 mln. tondan artıq yükün daşınması proqnozlaşdırılır. Bu isə ölkələrimizin tranzit potensialının reallaşdırılmasında, əlavə gəlirlər əldə olunmasında, yeni iş yerlərinin yaradılmasında və ölkələrimizin regionda iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsində önəmli olacaq”.

Mərasimdə qeyd edilib ki, təməli qoyulan dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikintisi xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək.

Mərasimdə iştirak edən İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi İran və Azərbaycan prezidentlərinin ölkələr arasında əlaqələrin inkişafını daim diqqətdə saxladığını, bu gün təməli qoyulmuş dəmir yolu körpüsünün də məhz hər iki ölkə rəhbərinin siyasi iradəsinin və əməkdaşlığın inkişafına verdikləri önəmin göstəricisi olduğunu vurğulayıb.

Bildirək ki, körpünün tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar