Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun 2013-cü il üçün elmi-tədqiqat layihələri üzrə müsabiqəsinin nəticələri elan olunub. Bu barədə Lent.az-a ARDNŞ-dan məlumat verilib. Müsabiqə Azərbaycan Milli Elmlər Akademiyası sistemində fəaliyyət göstərən və neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan alimlərin, yaradıcı kollektivlərin elmi fəaliyyətini stimullaşdırmaq, həmçinin Azərbaycanda fundamental və tətbiqi xarakterli elmi-tədqiqatları daha da inkişaf etdirmək məqsədi ilə keçirilib. Müsabiqəyə 66 layihə təqdim edilib. Təqdim olunan layihələrin ekspertizası məqsədilə müsabiqə komissiyası yaradılıb.
Fondun Əsasnaməsinə uyğun olaraq, qeydiyyatdan keçmiş layihələrin ciddi ekspertizası təşkil edilib. Müsabiqə komissiyasının və ekspertlərin rəylərini nəzərə alaraq Fond 36 layihəni qalib elan edib. Sentyabrın 20-də “Neftçilər günü”nə həsr olunmuş təntənəli tədbirdə qalib layihələrin rəhbərlərinə müvafiq sertifikatlar təqdim ediləcək.