ANS Müstəqil Yayım və Media Şirkəti lisenziyasının ləğv ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.
APA-nın xəbərinə görə, bu gün ANS Müstəqil Yayım və Media Şirkəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 iyul 2016-cı il tarixi, 2-1(103) 1846 / 16 saylı qərarından kassasiya şikayətini təqdim edib. Məhkəmə prosesinin vaxtı ilə bağlı əlavə məlumatlar yaxın günlərdə veriləcək.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.
Xatırladaq ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə göstəriş verib. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, Azərbaycan dövləti televiziya və radio vasitəsilə terrorizmin, zorakılığın, qəddarlığın, milli, irqi və dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir. Dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə qəsd etməyə, milli, irqi və dini ədavəti qızışdırmağa, kütləvi iğtişaşlar törətməyə və terrorizmə açıq çağırışlar teleradio yayımçısı tərəfindən müdafiə olunduqda və ya bu çağırışları səsləndirməyə bilərəkdən şərait yaradıldıqda teleradio yayımçısının fəaliyyəti müvəqqəti dayandırıla bilər.
Milli Televiziya və Radio Şurasının 25 oktyabr 2013-cü il tarixli qərarı ilə «ANS» Müstəqil Yayım və Media Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həmin lisenziya ləğv edilib.