AMEA-nın magistrləri əmək haqqı alacaqlar
05 may 2015 10:38 (UTC +04:00)

AMEA-nın magistrləri əmək haqqı alacaqlar

 

"Bu ildən AMEA-nın magistratura pilləsinə qəbul olunacaq bütün magistrlər dövlət sifarişi əsasında hazırlanacaq və dövlətin müəyyən etdiyi təqaüdləri alacaqlar. Bununla yanaşı, onların hər biri ixtisaslarına uyğun institutlarda laborant, kiçik elmi işçi və digər vəzifələrdə işə cəlb olunacaq". Lent.az-ın Report.az-a istinadən xəbərinə görə, bunu AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsinin rəisi Əminağa Sadıqov deyib.

 

O bildirib ki, magistrlər gördükləri işin müqabilində əmək haqqı alacaqlar: "Bundan başqa, AMEA institutlarının alimləri keçirilən müxtəlif qrant layihələrində qalib olurlar. Magistrlərı da həmin layihələrə cəlb edə bilərik. Bununla da onlar, hətta qrant layihələrindən də əlavə qazanc əldə edə biləcəklər. Eyni zamanda, onların hər birini ixtisas profillərinə uyğun olaraq dünyanın aparıcı elmi mərkəzlərinə qısa müddətli də olsa, təcrübə toplamağa göndərəcəyik".

 

Ə.Sadıqov qeyd edib ki, akademiyada təhsil alacaq magistrlərın beynəlxalq konfranslarda iştirakları təmin ediləcək: "Çünki gənc kadrlar üçün belə tədbirlərdə iştirak etmək çətin məsələdir. Onu da xüsusi vurğulayım ki, 7 ixtisas üzrə 20 yerlik magistr hazırlamaq AMEA üçün heç bir problem yaratmayacaq. AMEA prezidenti Akif Əlizadə ilk dərs günü magistlərı qəbul edəcək və qiymətli hədiyyələr verəcək".

 

O, gələcəkdə AMEA-nın magistraturasına qəbul üçün nəzərdə tutulan ixtisas sayının artacağını istisna etməyib: "Pilot layihə kimi hələlik 7 ixtisas üzrə 20 yer ayrılıb. Artıq institutlarımız arasında rəqabət mühiti yaranıb. Növbəti illərdə Riyaziyyat və İnformasiya Texnologiyalar İnstitutu üçün magistr qəbulunu həyata keçirmək niyyətindəyik. Akademiyanın nəzdində 40-a yaxın elmi tədqiqat institutu var. Əslində, onların hər birində magistr hazırlamaq imkanımız var. Növbəti illər üçün ixtisasların sayı azı iki dəfə artırılaraq 15-ə çatdırılması nəzərdə tutulub. Növbəti qəbulda ekologiya, kompüter elmləri, idarəetmə sistemləri, kimya üzrə ixtisasların sayı artırılacaq. Tarix üzrə ixtisasın da bu sıraya daxil edilməsi planda var".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar