Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisələrində direktor seçkilərinin keçirilməsi nəzərdə tutulur.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məsələ ilə bağlı AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən növbəti iclasında müzakirə aparılıb.
İclasda çıxış edən AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev Akademiyanın elmi müəssisələrinin əksəriyyətində direktorların səlahiyyət müddətinin başa çatdığını bildirib.
AMEA Rəyasət Heyəti müvafiq seçkilərin keçirilməsi haqqında qərar qəbul edib. Belə ki, qərara əsasən, seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunacaq.
Qeyd edək ki, seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc ediləcək.