AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktoru, professor Li Yunsyuan ilə görüşüb. Görüşdə hər iki təşkilat arasında elmi əlaqələr müzakirə olunub.
Lent.az AMEA-nın saytına istinadən xəbər verir k, akademik İbrahim Quliyev humanitar, ictimai və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsinin mümkünlüyündən danışıb. Bildirilib ki, müvafiq sahələrdə əlaqələrin yaradılması və inkişaf etdirilməsi üçün danışıqlar aparılacaq.
Li Yunsyuan ölkəmizə səfərindən məmnunluğunu bildirib, rəhbərlik etdiyi institutun Rusiya Federasiyası və Belarus Respublikası ilə elmi əlaqələrindən danışıb. Qonaq Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün görülən işləri yüksək dəyərləndirib.
Görüşdə gələcəkdə müştərək tədqiqatların həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Bu ilin sonunadək tərəflər arasında əməkdaşlığa dair sazişin imzalanması qərara alınıb və bu istiqamətdə AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinə xüsusi tapşırıqlar verilib.