Azərbaycanda səfərdə olan Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetinin bir qrup nümayəndəsi Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. Bu barədə Lent.az-a ali məktəbin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qonaqları ölkəmizdə və BANM-də görməkdən məmnunluq hissi keçirdiyini bildirən BANM rektoru Elmar Qasımov qeyd edib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir. Bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. ARDNŞ-nin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan E. Qasımov bildirib ki, yeni ali məktəbin yaradılmasında əsas məqsəd məhz bu layihələrdə işləyəcək müasir standartlara cavab verən yüksək ixtisaslı kadrlar hazırlanmasıdır: “Almaniyanın mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir”.
Azərbaycana dəvət olunduqlarından məmnunluğunu ifadə edən Almaniyanın Eichstatt-İngolstadt Katolik Universitetindən gələn nümayəndə heyətinin rəhbəri Harald Peklaner qeyd edib ki, fəaliyyət göstərdiyi universitet tədqiqat, peşə hazırlığı və davamlı təhsildən başqa maraq göstərən şirkətlərə konsultant layihələri, tədqiqat, praktik seminarlar və mühazirələr şəklində əməkdaşlıq edir. O, gələcəkdə Bakı Ali Neft Məktəbi ilə müxtəlif sahələrdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.