3-7 may tarixlərində Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi, Almaniyanın “Qafqaz və Xəzər Regionunun Araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun və ölkəmizin Almaniyadakı səfirliyin təşkilatçılığı ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyada səfərdə olacaq.
Agentliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, heyətin üzvləri mayın 4-də Bundestaqının deputatları, AŞPA-da Almaniya nümayəndə heyətinin rəhbəri cənab Aksel Fişer və parlamentin Xarici Siyasət komitəsinin üzvü Yurgen Klimke ilə görüşüb.
Dövlət Agentliyinin sədri İ.Kərimov ASAN Xidmət mərkəzlərinin 10 dövlət orqanının göstərdiyi xidməti özündə birləşdirən və vətəndaşlara effektiv, eyni zamanda şəffaf şəkildə xidmət edən unikal bir model olduğunu qeyd edib.
Vətəndaş artıq mobil telefon vasitəsi ilə 15 dəqiqə ərzində şirkət açmaq imkanına malikdir.
Azərbaycanın bölgələrində yaşayan vətəndaşlara xidmət göstərilməsi üçün də mobil ASAN sistemi də mövcuddur.
Şuranın beynəlxalq əlaqələr departamentinin rəhbəri Mustafa Qurbanlı dövlət və vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayan Şuranın QHT-lərə müxtəlif istiqamətlər üzrə hərtərəfli dəstək verdiyini qeyd edib.
Şuranın 2013-cü ildən xarici QHT layihələrinə maliyyə dəstəyi verməsi Azərbaycanın artıq inkişaf edərək donor ölkəyə çevrildiyinin göstəricisidir.
Yurgen Klimke Almaniyanın bir neçə şəhərində, o cümlədən Hamburqda ASAN Xidmət Mərkəzinə oxşar qurumlar yaradılsa da, onların fəaliyyətinin çox dar çərçivəni əhatə etdiyini bildirib.
Fişer ASAN Xidmət mərkəzlərinin fəaliyyətinin hansı yolla qiymətləndirildiyi, habelə xidmətlərin göstərilməsi zamanı vətəndaşlara məxsus şəxsi məlumatlara çıxış məsələsinin necə tənzimləndiyi ilə maraqlanıb. İnam Kərimov vətəndaşların 98% ASAN Xidmət mərkəzlərinin fəaliyyətindən razı olduğunu qeyd edib. Azərbaycan nümayəndə heyəti ilə Almaniyanın Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə bölməsinin rəhbər müavini cənab Andreas Fon Brand və Almaniya Daxili İşlər Nazirliyinin elektron hökumət bölməsinin rəhbəri xanım Tanya Layer arasında da görüş keçirilib.