Allahşükür Paşazadə ordenlə təltif edildi
14 may 2015 22:57 (UTC +04:00)

Allahşükür Paşazadə ordenlə təltif edildi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 14-də  İnquşetiyanın Maqas şəhərində keçirilən «Dində mötədillik – sülh, dinc qonşuluq və tərəqqiyə gedən yoldur» mövzusunda Beynəlxalq İlahiyyat Konfransında çıxış edib.

 

QMİ-nin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, QMİ sədri A.Paşazadə məruzəsində  dünyada gərginlik ocaqlarının və qanlı qarşıdurmaların sayının durmadan artdığı bir dövrdə mötədilliyə çağırış, dünya dinlərinin dəyərlərinə istinad edərək dinc qonşuluq, millətlər və dinlərarası həmrəylik ideyalarının təşviqinə həsr olunmuş Maqas Konfransını olduqca aktual və həyati əhəmiyyətli tədbir kimi dəyərləndirib.  

 

Şeyxülislam  səmavi dinlərin nümayəndələrinin Maqasda bir araya gələrək mənəvi sahədə ümumi hədəf və vəzifələri ifadə edən bəyannamə qəbul etmələri dinlərarası dialoq işinə öz dəyərli töhfəsini verəcəyini və dini müstəvidə qarşıdurma yaratmaq niyyətində olan qüvvələrə tutarlı cavab olacağını qeyd edib.  

 

QMİ sədri Qafqazda sülhə xələl gətirən məqamlar sırasında Qarabağ problemini konfrans iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, məhz bu münaqişə postsovet məkanında separatizm, etnik təmizləmə və millətlərarası münaqişənin əsasını qoyub.  Şeyxülislam postsovet məkanında bütün münaqişələrin sülh yolu ilə həllinə yönəlik bütün səyləri dəstəklədiklərini  bildirib.

 

İnquşetiya başçısı  Yunusbek Yevkurovun dəvəti əsasında Maqasa səfər etmiş QMİ sədrinin himayədarlığı ilə keçirilən tədbirdə çox sayda müsəlman dini liderləri, Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri, habelə Ümumdünya müsəlman alimləri birliyinin baş katibi dr. Əli Əl-Qaradaginin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

 

Konfransda Vətəndaş vəzifələri və Vətənə məhəbbət haqqında İnquşetiya İlahiyyat Bəyannaməsi və digər yekun sənədlər qəbul edilib.

 

 

Konfransın gedişatında  İnquşetiyanın başçısı Yunusbek Yevkurov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni “Fəal ictimai-siyasi və dini-maarifçi fəaliyyətinə görə” RF İnquşetiya Respublikasının “Xidmətlərə görə” ordeni ilə təltif edib. O, Şeyxülislamı Qafqaz üçün dəyərli şəxsiyyət kimi səciyyələndirib və Maqas Konfransında yaxından iştirakına görə ona öz təşəkkürlərini bildirib.

 

Azərbaycanda hökm sürən dini tolerantlıq və multikultural həyat tərzinin olduqca dəyərli olduğunu bildirən Y. Yevkurov,  A. Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində Maqasa səfər etmiş Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrı və Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milih Yevdayevi fəal ictimai-siyasi və dini-ictimai fəaliyyətlərinə görə RF İnquşetiya respublikası prezidentinin fəxri fərmanı ilə təltif edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 117
avatar

Oxşar yazılar