Aprelin 6-da AMEA-nın Əsas binasında “Azərbaycan əsgərinin zəfəri: inam və dəstək” mövzusunda tədbir keçirilib. Tədbirdə AMEA kollektivi adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət səsləndirilib.
AMEA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, alimlər dövlət başçısına ünvanladıqları müraciətdə ölkənin və xalqın daha da inkişaf etdirilməsi, qorunub möhkəmləndirilməsi yollarında bütün tapşırıqları və göstərişləri yerinə yetirməyə hazır olduqlarını bildiriblər.
"Möhtərəm cənab Prezident!
Müstəqil Azərbaycan dövlətinin böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi, ölkəmizdə daxili sabitliyin qorunub möhkəmləndirilməsi, uğurlu xarici siyasətin həyata keçirilməsi Sizin Vətənimiz və xalqımız qarşısındakı mühüm və tarixi xidmətinizdir.
Azərbaycanda xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik təliminin dövlət səviyyəsində yaradıcılıqla inkişaf etdirilməsinin təmin olunması istiqamətində atılan düşünülmüş addımlar ölkəmizin müasir inkişafını və gələcək perspektivlərini müəyyən edir. Bütün sahələr üzrə müstəqil Azərbaycanı yeni inkişaf səviyyəsinə çıxarmağınız, beynəlxalq miqyasda ölkəmizin nüfuzunun daha da gücləndirilməsi yollarında həyata keçirdiyiniz mükəmməl diplomatiya Sizin xalqımızın həqiqi lideri olduğunuzu aydın surətdə ifadə edir. Dünyada gedən mürəkkəb ictimai-siyasi proseslərin, sərt qarşıdurmaların fövqündə dayanaraq ölkəmizi və xalqımızı böyük gələcəyə doğru qətiyyətlə aparmağınız Sizin dövlətçilik siyasətinizdəki qətiyyətlə müdrikliyin möhkəm üzvi vəhdətini nümayiş etdirir. Sizin müstəqil Azərbaycan dövlətində qloballaşma şəraitində milli-mənəvi dəyərlərin qorunub möhkəmləndirilməsi, vətənpərvərlik tərbiyəsinin, azərbaycançılıq məfkurəsinin daha da inkişaf etdirilməsi istiqamətlərində apardığınız məqsədyönlü siyasət xalqımızın milli varlığının inkişafında, təkamül proseslərinin dərinləşdirilməsində mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə bərqərar olmuş multikulturalizm və tolerantlıq mühitinin dünya ölkələri üçün örnəyə çevrilməsi də Sizin misilsiz xidmətlərinizdən biridir.
Hörmətli Prezidentimiz!
Azərbaycanda elmin, təhsilin, Milli Elmlər Akademiyasının daha da inkişaf etdirilməsi Sizin ölkəmizdə cəmiyyət quruculuğunda yaradıcı təfəkkürün, alimin, müəllimin, ziyalının rolunun artırılmasına göstərdiyiniz böyük qayğının əməli ifadəsidir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında genişmiqyaslı islahatların həyata keçirilməsi, ölkəmizdə alimin, elmin nüfuzunun artırılması görkəmli dövlət xadimi kimi Sizin böyük və hərtərəfli inkişafda ziyalı faktoruna, elm amilinə verdiyiniz yüksək qiyməti və bəslədiyiniz ümidləri nümayiş etdirir. Azərbaycan alimləri bütün bunlara görə Sizə dərin minnətdarlıqlarını ifadə etməyi özlərinin şərəfli borcu hesab edirlər.
Möhtərəm Prezident!
Azərbaycanın iqtisadiyyatı, elmi, mədəniyyəti ilə yanaşı, ordu quruculuğu sahəsindəki böyük inkişafı da müstəqil dövlətçiliyin bütün yönləri ilə inkişaf etdirilməsində mühüm rol oynayır. Ölkəmizdə həyata keçirilmiş böyük siyasət Azərbaycanın qüdrətli və ən müasir hərbi-texniki səviyyəyə malik ordusunun yaradılması ilə nəticələnib. Azərbaycan əsgərinin yüksək vətənpərvərlik ruhu, nikbinlik və məsuliyyəti dövlət müstəqilliyimizin böyük bəhrəsidir. Son günlərdə ölkəmizin ərazi bütövlüyünün daha da möhkəmləndirilməsi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın geri qaytarılması istiqamətində qazanılmış mühüm uğurlar ən yaxın gələcəyin böyük qələbəsinin real təminatıdır. Azərbaycan ordusunun cəbhə xəttindəki inamlı addımları bütövlükdə xalqımızı, o cümlədən də alimlərimizi ürəkdən sevindirir və daha böyük səylə çalışmağa, fəaliyyət göstərməyə çağırır. Sizin Təhlükəsizlik Şurasının iclasındakı tarixi nitqinizdə ifadə olunan qətiyyət və inam Azərbaycan ziyalılarını müstəqil dövlətimiz qarşısında böyük və şərəfli borcunu daha da məsuliyyətlə yerinə yetirməyə səfərbər edir. Bütövlükdə xalqımız, həmçinin Azərbaycan alimləri Sizin düşünülmüş, qətiyyətli və məqsədyönlü siyasətinizi ürəkdən dəstəkləyir və müdafiə edirlər. Biz, - Azərbaycan alimləri - elm cəbhəsinin əsgərləri müstəqil Azərbaycan dövlətinin rəhbəri və Ali Baş Komandanı kimi Sizin rəhbərliyinizlə ölkəmizin və xalqımızın daha da inkişaf etdirilməsi, qorunub möhkəmləndirilməsi yollarında bütün tapşırıqları və göstərişləri yerinə yetirməyə hazırdır.
Möhtərəm cənab Prezident!
Azərbaycan torpaqlarının Ermənistanın işğalçı qüvvələrindən azad edilməsi istiqamətində qazanılmış böyük qələbəyə görə Sizi ürəkdən təbrik edirik.
Müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi uğrunda mübarizədə Sizə daha böyük uğurlar və möhkəm cansağlığı arzulayırıq.
Dərin hörmətlə
Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi"