UNEC-də Akademik Zərifə Əliyevanın xatirəsi anılıb
28 aprel 2017 14:50 (UTC +04:00)

UNEC-də Akademik Zərifə Əliyevanın xatirəsi anılıb

 

UNEC-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

 

Universitetdən Lent.az-a verilən məlumata görə, YAP UNEC ərazi ilk partiya təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə universitetin professor-müəllim, tələbə heyəti ilə birlikdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Sona Əliyeva, əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova, Səbail rayon YAP Qadınlar Şurasının sədri Təranə Kərimova və AMEA Şərqşünaslıq İnstitutunun professoru Rəna Mirzəzadə iştirak edib.

 

Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova bildirib ki, tanınmış oftalmoloq Zərifə Əliyevanın xatirəsi UNEC-də daim əziz tutulur, təhsil ocağında onun xatirəsinə həsr olunan elmi-praktik konfranslar, yubiley gecələri keçirilir ki, bu da gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.

 

S.Qəhrəmanova Z.Əliyevanın bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaratdığını, əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşadığını vurğulayıb.

 

Millət vəkili Sona Əliyeva XX əsr Azərbaycan elminin böyük simalarından olan Zərifə  Əliyevanın öz vəzifəsini şərəflə yerinə yetirən ana olduğunu bildirərək, ölkəmizə müstəqil Azərbaycanın tərəqqi zirvələrini fəth etməsində qazandığı uğurların təminatçısı olan İlham Əliyev kimi lider bəxş etdiyindən danışıb.

 

Tanınmış modelyer Fəxriyyə Xələfova da görkəmli oftalmoloq haqqında xatirələrini bölüşüb: “Zərifə Əliyevanı və ailəsini şəxsən tanıyan biri kimi onun haqqında yalnız xoş, müsbət fikirlər söyləmək mümkündür. Zərifə xanım qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı olaraq qadınlar üçün nümunədir”.

 

UNEC-də olmaqdan məmnunluğunu bildirən F.Xələfova qeyd edib ki, bu, onun İqtisad Universitetinin tələbələri ilə ilk görüşü deyil. O, mütəmadi olaraq UNEC-də reallaşdırılan tələbə layihələrində, sərgi və müsabiqələrdə iştirak edir.

 

Zərifə Əliyevanın Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr verdiyini, onun keçdiyi şərəfli həyat yolunun bu gün də, gələcəkdə də hər bir alim, hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat və kamillik məktəbi olduğunu diqqətə çatdıran Rəna Mirzəzadə Zərifə xanımın Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik kimi tibb işçilərinin hazırlanmasında, elmi kadrların yetişdirilməsində böyük xidmətlərindən danışıb. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradıldığını vurğulayıb.

 

Səbail rayon YAP Qadınlar Şurasının sədri, UNEC-in dosenti Təranə Kərimova Z.Əliyevanın müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr edən Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olduğundan danışıb. Ülvi keyfiyyətlərə malik olan akademik Z. Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyini vurğulayıb.

 

İştirakçılar akademik Zərifə Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə yaddaşlara əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, elmin çox məsuliyyətli, çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyini, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini qeyd ediblər.

 

Tədbirdə Sevil Əliyevanın anası Zərifə xanıma həsr etdiyi “Əziz anam” elegiyası səsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 193
avatar

Oxşar yazılar