Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) yeni layihəyə start verib.
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihə çərçivəsində universitetin gənc müəllimləri orta məktəb şagirdlərinə interaktiv təlimlər keçəcəklər. Layihənin keçirilməsində məqsəd universitet ilə məktəb arasında əlaqələrinin formalaşdırılması, şagirdlər arasında ali təhsilə həvəsin stimullaşdırılması və elmin təbliğatını gücləndirmək, o cümlədən gənc müəllimlərin potensialından səmərəli istifadə etməkdir.
Bildirək ki, layihənin birinci mərhələsində universitetin gənc müəllimi Ramil Cabbarov Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin bir qrup şagirdinə interaktiv təlim keçib.
Təqdimatda şagirdlərə komanda oyunları formasında liderlik, natiqlik, problemlərin həll olunmasında kreativ yanaşma, analitik düşüncə və qiymətləndirmə metodları üzrə bacarıqlar aşılanıb.
İqtisad Universiteti tələbələri də şagirdlərin komanda fəaliyyətlərində dəstəklərini göstəriblər.
Layihə çərçivəsində digər məktəblərin şagirdləri ilə mütəmadi görüşlər təşkil ediləcək.