“Biz təhsil haqlarını artırmamışıq, artırmaq planımız da yoxdur”.
Lent.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin ( ADİU) rektoru Ədalət Muradov deyib.
Ə.Muradovun sözlərinə görə, tələbələr həmçinin akademik borclarına görə ikinci dəfə imtahan verən zaman pul ödəməkdən azad ediliblər: “Həmin pulun məbləği qaydalara uyğun nəzərdə tutulur”.
Artıq MBA proqramı üzrə əsasən əcnəbi tələbələrə daha çox üstünlük verdiklərini bildirən rektor əlavə edib ki, əcnəbi tələbələrdən tutulacaq təhsil haqqı əhəmiyyətli dərəcədə artırılıb: “ Son qərarımıza uyğun olaraq MBA üzrə təhsil alan əcnəbi tələbələr üçün təhsil haqqı 4 min dollar müəyyənləşdirilib. Bizim Azərbaycan tələbələri üçün bu rəqəm 3 min manatdır".
Rektor deyib ki, Vyetnamda 3 təhsil agentliyi ilə müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, onlar xarici tələbələrin İqtisad Universitetinə göndərilməsini təmin edəcəklər: "Artıq bizə İndoneziya, Malaziya, Vyetnamdan 160 nəfər təhsil almaq üçün müraciət edib”, deyən Ə.Muradov hazırda universitetdə ümumilikdə 400 əcnəbi tələbənin təhsil aldığını qeyd edib.
Ə. Muradov deyib ki, artıq İqtisad Universitetinin Dərbənddə də filialı fəaliyyət göstərir: “ Bunun üçün Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən lisenziya alınıb və lisenziyaya uyğun olaraq Dərbənddə tələbə qəbulu həyata keçirəcəyik, indi onun qaydalarını hazırlayırıq”.
Universitetdə 18 mindən çox tələbənin təhsil aldığını və məzunların təxminən 38%-nin işlə təmin olunduğunu vurğulayan professor Ə.Muradov məlumat verib ki, artıq İqtisad universitetində “Elektron universitet” modeli reallaşdırılır: “Sentyabr ayından barmaq izi ilə tələbələrin dərsə davamiyyəti yoxlanacaq”.
Bundan başqa, müəllimlər dərsini ancaq özləri tədris etsin deyə jurnalları ancaq barmaq izi ilə aça biləcəklər.