Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlının Heydər Əliyevə ithaf etdiyi “Geoiqtisadiyyat” kitabının təqdimatı keçirilib.
ADİU-un mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə çıxış edən ADİU-nun rektoru Ədalət Muradov bu kitabın böyük elmi əhəmiyyət daşıdığını bildirib.
“Geoiqtisadiyyat” kitabını dərin məzmunlu və dünya səviyyəli elmi əsər kimi tövsiyyə edən rektor, ingilis dilində çap edilən və 11 fəsildən ibarət olan kitabın dünya maliyyə arxitekturası, geoiqtisadi rekalibrasiya, qlobal enerji xəritələnməsi, innovativ inkişaf, su problemləri və s. kimi məsələlərə həsr olunduğunu bildirib.
Kitab haqqında rəy yazan London Kral Məktəbinin professoru Friedbert Pflüger V.Qasımlının özünəməxsus şəkildə geoiqtisadiyyat konsepsiyasını yaratdığını vurğulayıb. Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun tədqiqat rəhbəri Dr.Jeh isə “Geoiqtisadiyyat” kitabını “yeni klassika” adlandırıb. Braziliyanın Jetulio Varqas Fondunun prezidenti Prof.Dr.Leal və Hyustondakı Rays Universitetinin iqtisadiyyat üzrə professoru Ted Temzelides də “Geoiqtisadiyyat” kitabını qloballaşma dövründə strateqlər üçün “yol xəritəsi” olaraq səciyyələndiriblər.
Daha sonra Azərbaycan-Türkiyə İş Adamları Birliyinin rəhbəri Camal Yanğın Ulu Öndər Heydər Əliyevə ithaf etdiyi “Geoiqtisadiyyat” kitabının iş adamları üçün böyük töhfə olduğundan söz açıb. Kitabın Türkiyənin Əşkişəhər şəhərində təqdimat mərasimi keçirildiyini vurğulayan C.Yanğın onun Türkiyənin Anadolu Universiteti tərəfindən təkrar çapı planlaşdırıldığını bildirib.