Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Qanlı yanvar” filminin nümayişi keçirilib.
ADİU-un mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, filmdən öncə çıxış edən ADİU-nun rektoru Ədalət Muradov “Qanlı yanvar” filminin rejissoru Vahid Mustafayevə öz təşəkkürünü çatdıraraq belə filmlərin gənc nəsildə vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etdiyini bildirib.
Nümayişdə iştirak edən Vahid Mustafayev bu filmin necə ərsəyə gəlməsindən danışıb: "Azərbaycan xalqının qəhrəmanları çoxdur. Lakin biz 20 Yanvar şəhidləri haqqında gənc nəsil arasında sorğu keçirəndə təəssüf ki, bizə doğru-düzgün cavab verə bilən olmadı. Bu zaman düşündük ki, belə filmlər olmalıdır ki, xalq qəhrəmanlarını tanısın".
Sonda filmdə çəkilən aktyorlar səhnəyə dəvət edilərək tamaşaçılara təqdim ediliblər. Rektor Ə.Muradov V.Mustafayevə ADİU-nun “Vətənpərvərlik mövzusunun təbliğindəki xidmətlərinə və yüksək peşəkarlığına görə” diplomunu təqdim edib.