Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “ASAN Könüllüləri” Gənclər Təşkilatının təşkilatçılığı ilə şahmat turniri keçirilib.
ADİU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iki gün davam edən turnir Azərbaycan xalqının məşhur şairəsi və ilk qadın şahmatçı Məhsəti Gəncəvinin xatirəsinə həsr olunub. Olimpiya sistemi ilə keçirilən yarışda ölkənin müxtəlif universitetlərinin tələbələri iştirak edib.
İqtisad universitetinin ali dərəcəli məşqçisi, beynəlxalq səviyyəli qrossmeyster Sərxan Quliyevin hakimliyi ilə keçirilən görüşlər iti zəka sahiblərinin gərgin mübarizəsi ilə yadda qalıb.
Final mərhələsində qarşı-qarşıya gələn Elçin Osmanov ilə Nicat Vahidli “Ən iti zəka” adı uğrunda mübarizə aparıblar. Nicat Vahidlinin “Şah” fiqurunu iki dəfə “mat” vəziyyətinə salan UNEC tələbəsi Elçin Osmanov turnirin qalibi olub. Qarşılaşmaların yekun nəticəsinə əsasən, III yerə isə Elvin Həşimov layiq görülüb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev qaliblərə diplom və hədiyyələr təqdim edib.