Sabah məktəblər polis nəzarətində olacaq
13 iyun 2019 10:08 (UTC +04:00)

Sabah məktəblər polis nəzarətində olacaq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və rayon Dövlət Yol Polisi şöbələri "Son zəng" günü gücləndirilmiş iş rejimində çalışacaq.
 
Bu barədə Lent.az-a Bakı şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, təsdiq olunmuş plana əsasən, yol polisi tərəfindən bütün orta məktəblərin giriş qapısına 4 bənddən ibarət xəbərdarlıq müraciətləri vuraraq, məzunlara və onların valideynlərinə xəbərdarlıq olunub:
"Son zəng günü valideynlər öz avtomobillərini məzunlara həvalə etməsinlər. Məzunlar da valideynlərinin, yaxın qohumlarının icazəsi olub-olmadan onların avtomobilini götürüb küçələrdə idarə etməsinlər. Bu onların inzibati məsuliyyətə cəlb olunmasına səbəb olacaq.
 
Bakı şəhərindəki orta məktəblərin əksəriyyətində həm Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin, həm də rayon yol polisi şöbələrinin əməkdaşları son zəng tədbirlərində iştirak edərkən onlara DYP rəhbərliyinin təbriklərini çatdıracaq, eləcə də yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirici təbliğat xarakterli söhbətlərin aparılması nəzərdə tutulub”. 
 
V.Əsədov əlavə edib ki, son zəng günü bütün məktəblərin ərazisi yol polisi əməkdaşları tərəfindən nəzarətə götürüləcək və hər hansı neqativ hala yol verildikdə dərhal müvafiq addımlar atılacaq:
 
”Sürücü və piyadalara tövsiyə olunur ki, yol hərəkəti qaydalarına riayət etsinlər və son zəng tədbirlərinin təhlükəsizlik şəkildə başa çatmasına töhfə versinlər".
# 653
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar