Bu gün Şirvan Gömrük İdarəsində bölgədə fəaliyyət göstərən iş adamları ilə görüş keçirilib.
Lent.az-ın Komitənin saytına istinadən məlumatına görə, görüşdə Aran iqtisadi zonasına daxil olan - Şirvan, Saatlı, Sabirabad, Hacıqabul, Kürdəmir, Zərdab, Ağsu və Şamaxı rayonlarında fəaliyyət göstərən 20-dək sahibkar iştirak edib.
Şirvan Gömrük İdarəsinin rəisi Rəşid Zalov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü davamlı inkişaf strategiyasına uyğun olaraq sahibkarlıq subyektlərinin inkişafı üçün lazımi şərait yaradılıb və sahibkarlar hərtərəfli şəkildə dövlət qayğısı ilə əhatə olunub. Ölkə iqtisadiyyatının davamlı inkişafında bölgə sahibkarlarının da öz töhfələrini əsirgəmədiklərini söyləyən R.Zalov gömrük orqanları ilə sahibkarlar arasında mütəmadi keçirilən görüşlərin ümumi işə faydasından da bəhs edib.
Sonra tədbirdə son dövrün iqtisadi prosesləri, eləcə də idxal-ixrac əməliyyatlarının vəziyyəti müzakirə edilərək iş adamları ilə budəfəki görüşün məqsədinin də sözügedən sahədə sahibkarların fikirlərini, onları düşündürən məsələləri və yeni təklifləri öyrənmək olduğu bildirilib. Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.