Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 106 nəfər əlil şəxs Azərbaycanın səfalı guşələrinə istirahətə yola salınıb.
ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlardan 76 nəfəri Xaçmaz, 30 nəfəri isə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.
Bildirək ki, ƏƏSMN-nin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari il ərzində 1000 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub ki, onlardan artıq 57 faizinin və ya 565 nəfərin istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin edilib. Həmin insanlar istirahət və sağlamlıq mərkəzlərinə xüsusi nəqliyyat vasitəsi ilə aparılıb gətirilirlər.
Qeyd edək ki, aylıq sosial müavinət və əmək pensiyası ilə təmin olunanların 35 faizə qədərinin əlilliyi olan şəxslərdən və sağlamlıq imkanları məhdud uşaqlardan ibarətdir. Həmçinin il ərzində nazirliyin reabilitasiya mərkəzlərində 8 mindən çox əlilliyi olan şəxsə bərpa müalicə xidməti göstərilir, onların sosial reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi üçün tədbirlər ildən-ilə gücləndirilir.