"Məşədi Dadaş" məscidində qanvermə aksiyası keçirilib
09 iyul 2016 12:04 (UTC +04:00)

"Məşədi Dadaş" məscidində qanvermə aksiyası keçirilib

İyulun 8-də Ramazan bayramı münasibəti ilə "Məşədi Dadaş" məscidində Azərbaycan Talassemiya Federasiyasının müraciətinə müsbət cavab olaraq Cümə namazından sonra talassemiya (qan azlığı) xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib. Azərbaycan Talassemiya Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aksiya məscidin icması ilə Azərbaycan Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsul qanvermə aksiyası ilə bağlı bildirib ki, aksiya prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil olunur. Qanverənlər sırasında ilk olan məscidin axundu, ilahiyyatçı alim Hacı Şahin Həsənli aksiyanın mahiyyəti ilə bağlı deyib: “Donorluq əsl xeyriyyəçilikdir. Qanverməni çox cüzi bir şey kimi dəyərləndirənlər ola bilər. Amma bu, qana ehtiyacı olanlar üçün həyati əhəmiyyət daşıyır! Qan verən donor özünün bir hissəsini – öz qanını onun kimə kömək edəcəyini bilmədən və mükafat almağı gözləmədən bağışlayır”.

 

Məlumata görə yüzdən  yuxarı gəncin qatıldığı aksiya uğurla başa çatıb və yardıma ehtiyacı olan uşaqlara kifayət qədər qan toplanıb. Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər.

 

Qeyd edək ki, bu "Məşədi Dadaş" məscidində keçirilən ilk belə aksiya deyil. Məscid icması ilə  Talassemiyalı uşaqlara yardım təşkilatının qarşılıqlı razılığı ilə "Məşədi Dadaş" məscidində bir neçə dəfə bu qəbildən olan aksiyalar keçirilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Oxşar yazılar