Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nın təsdiqi barədə əmrinin tələblərinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə 1 iyul 2015-ci il tarixdən elektron qeydiyyat başlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəinin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, istedadlı uşaqların müsabiqədə iştirakı üçün qeydiyyat mektebeqebul.edu.az saytında aparılır və iyul ayının 31-dək davam edəcək.
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibələr iyul ayının 21-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə aparılacaq.
Valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytında qeydiyyatdan keçərək, uşaq haqqında məlumatları saytda verilən formada doldurub müsahibəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsahibəyə dəvət olunduğu tarix və vaxt göstəriləcək.
Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirmiş şagirdlər isə mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə dair sertfikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.
Məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər.
Ümumtəhsil məktəblərinin I sinfinə də elektron qəbul iyulun 1-dən 31-dək aparılacaq.