Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Lent.az" İnformasiya Agentliyinin 8 yaşı münasibətilə təbrik məktubu göndərib.
Lent.az-ın məlumatına görə, təbrikdə deyilir:
“8 il hər bir KİV-in bioqrafiyasında elə də uzun vaxt olmasa da, özünü təsdiq üçün heç də az müddət deyil. ‘Lent.az’ın izləyicilərinin artım tempinə nəzər salanda hiss olunur ki, redaksiya kollektivi, sözün əsl mənasında, gərgin, səmərəli axtarışlarla dolu günlər yaşayıb. Orada yayımlanan informasiyalar, həmçinin analitik, təhlili, publisistik yazılar göstərir ki, agentlikdə məsuliyyət hissi ilə yaradıcılıq sıx vəhdətdədir.
"Lent.az" Azərbaycan Mətbuat Şurasına da media dəyərlərinin belə daşıyıcısı olduğuna görə qəbul edilib. Agentlik MŞ-nin Nizamnamə tələblərindən irəli gələn öhdəliklərinə sayğı ilə yanaşır. Onun ən başlıcası öz auditoriyasını rəngarəng rubrikalar altında gedən materiallarla operativ məlumatlandırması, bilgiləndirməsi, mövzulara yanaşma tərzi bu günki və sabahkı uğurlarının təminatçısıdır.
Ad gününüz mübarək, dostlar!”.