<span style="color:red;">Pakistanlı Həmzə:  <b>“Baha desəm, “kliyenti” itirərəm” </b> - <span style="color:red;">“YOL YOLDAŞI”
29 oktyabr 2014 12:29 (UTC +04:00)

Pakistanlı Həmzə: “Baha desəm, “kliyenti” itirərəm” - “YOL YOLDAŞI”

“Yol yoldaşı”. Lent.az-ın yeni layihəsinin adıdır. Gündəlik salamlaşdığımız, görüşdüyümüz insanlardan yazacağıq. Bu layihədə siz onları tanıyacaq, həyat hekayələrini oxuyacaqsınız. Bəzən kədərli, bəzən isə sevincli. Sizin üçün maraqlı deyilmi, kimdir onlar, nəçidirlər? Hər şey bu qədər sadə...

 

 

 

Bəlkə onun yanından o qədər ötüb keçmisiz ki? Həmzəni deyirəm. Nəriman Nərimanov metrostansiyasının çıxışında bijuteriya satan pakistanlını. Rənginin qaralığını və bir qədər söhbət edəndən sonra ləhcəsini nəzərə almasaq, heç azərbaycanlılardan seçmək olmaz Həmzəni. Azərbaycan dilini Bakıda alver edə-edə öyrənib. Vallah, azərbaycanca bəzi azərbaycanlılardan yaxşı danışır.

 

 

 

5 il əvvəl Pakistandan gəlib. 25 yaşında. Ailədə 7 uşaqdırlar. 5 qardaş, 2 bacı. Həmzə Yusif ailənin üçüncü övladıdır. Özündən böyük 2 qardaşı var. Məktəbi bitirəndən sonra həmyaşıdları ilə işsiz-gücsüz küçələrdə gəzir. Boş-bekar olduğunu görən ailəsi Həmzəyə “bəlkə xaricə gedəsən?!” deyir. Bu yarı sual, yarı xəbərdarlıqdan sonra Həmzənin ağlına uzun illər Azərbaycanda alver edən dostu gəlir. Dostunun məsləhəti ilə gəlir Azərbaycana.

 

 

- Gəldim Bakıya. Alverə başladım. Tək yaşamaq olmurdu. Səhərdən axşama qədər işlə, evə gedəndə yeməyin olmasın. Evlənməyə qərar verdim. Dostumun məsləhəti ilə evləndim. Yoldaşım Zaqataladandı. Sevilin ailəsi ortabab insanlardı. Məni tanıdıqdan 1il sonra razılıq verdilər. Təbii ki, burda dostumun da rolu oldu. Onlar dostumu daha çox tanıyırdılar. Ailəm Pakistanda olduğundan elçiliyə özüm getdim. Dostum da yanımdaydı. Adət-ənənə ilə evləndim. Toyumuz oldu. Əslində, bizim adətlə sizin adətlər arasında o qədər də fərq yoxdu. Hər ikimiz müsəlmanıq. İki oğlum var. Süleyman və Əli. Böyüyün iki, balacanın bir yaşı var.

 

 

 

Rəsmi nikahdan sonra Həmzənin Bakıda yaşamağı daha da rahatlaşır. Vətəndaşlığı olmasa da, istədiyi qədər Azərbaycanda qalıb, işləyə bilər. İldə bir dəfə ailəsinin yanına  getdiyini deyir.

 

 

- Bilet çox bahadı. Bir adam üçün gediş-gəliş 800 manat. Hər satdığımdan mənə 50 qəpik xeyir qalır. Bu pulla ancaq ailəmi saxlaya bilirəm. Evim yoxdu. Kirayədə qalırıq. İki də körpə uşaq. İmkan olsa, istəyərdim altı aydan bir gedəm. Amma olmur. Əsas uşaqlarımdır.

 

 

 

Hava qaralır. Həmzənin dayandığı yerə isə küçə işıqları düşmür. Alıcılar qaranlıqdan narazılıq edirlər. Həmzə bir nəfəri də çağırıb qucaq boyda masasını dayanacağın nisbətən işıqlı tərəfinə aparır.

 

“Pakistana qayıtmaq fikrin var?” deyə soruşuram. Sualını yanlış anlayır. Qəti şəkildə “Ailəmi atıb heç yerə getmərəm!” deyir. Sakitləşdirirəm. Kim deyir ailəni at?! Onları da apara bilərsən.

 

 

- Bir dəfə aparmışdım. Oranın havası düşmədi. Uşaqlar xəstələndilər. Hələ ki, apara bilmərəm. Böyüsünlər, baxarıq. Uşaqlar Azərbaycan vətəndaşıdır. İstəyirəm həm də Pakistan vətəndaşı olsunlar.

 

 

 

Söhbətimiz tez-tez yarımçıq qalır. Həmzənin müştəriləri yaman çoxdur. Ucuz, qızıla bənzəyən bijuteriyalar yanında ötüb keçənləri bir dəqiqəlik də olsa, ləngidir. Alıcılarının hamısı heç də xanımlar deyil. Arvadına, qızına hədiyyə alan o qədər kişi var ki? Budur, 2 kişi yaxınlaşır. Balaca, kök olan tayı firuzə qaşlı komplekti alır əlinə. Və başlayırlar nəsə danışmağa. Ona görə “nəsə danışmağa” deyirəm ki, azərbaycanca danışmırdılar. Bir az qulaq verəndən sonra “siz hansı dildə danışırsız” deyə soruşdum. Erməni dilinə bənzətmişdim çünki. “Mən türkəm” dedi, balaca boylu olan tayı. Anadolu türkcəsiylə. “Gürcü dilində danışrıq. Yoldaş gürcüstanlıdır da”. “Mən erməniyə” bənzətdim”dedim. Güldü. “Yox, nə danışırsız?!” dedi. Amma mən əmin idim ki, gürcüstanlı bayaq gürcücə danışanda tez-tez türkə “ara-ara” deyirdi. Nəysə... Uzun sözü qısası bu gürcüstanlı pakistanlı ilə anlaşa bilmirdilər. Rusca danışa bilən birini istəyirdi. Rusca nə istədiyini soruşdum. Sevgilisi ondan firuzə qaşlı üzük istəmişdi. Amma əslini. Təbii ki, pakistanlıda hardandı 5 manata əsl firuzə qaşlı üzük?! Qiyməti öyrənincə bu gürcüstanlı deyilən kişi “net, net” deyib getdi.

 

 

Həmzəyə deyirəm ki, gərək qiyməti qaldıraydın.

 

- Onun yanındakı türk daimi müştərimdi. Bu sabah elə iki cür komplekt alıb. Bilir ki, bunlar beş manatdı. Baha desəm, bir nəfərə görə daimi “kliyent”imi itirərəm.

 

 

“Kliyent!” Həmzənin rusca bildiyi tək söz bu deyil. Hələ “poddelka” sözünü də bilir. Bir az söhbətdən sonra balaca masasının üstünə düzdüyü bijuteriyaları göstərib hansnın əsl daş, hansının “poddelka” olduğunu da dedi. Səmimi insandı Həmzə. Tanıdıqca Sevili niyə ona verdiklərini də anlayırdım. Üstəlik, bu “territoriya”da kifayət qədər hörməti var. Yaxın gəlməsələr belə, uzaqdan “salam, Həmzə” deyib keçirlər. Elə yanında dayananlar da yaxşı insanlar idi. Orda ən yaxın dostu Əlidir. Əli saat satır. Elə şəkillərimizi də o  çəkdi. Pis, yaxşı. Bir az Əli haqqında. Zəhmətkeş oğlandı. Ağlı kəsəndən işləyib, pul qazandığını deyir. Məktəb oxuya bilməyib. Çoxlu dərs buraxdığından 3 dəfə on birinci sinfi oxuduğunu deyir, yarı ciddi, yarı zarafat. Həmzə isə əlini Əlinin kürəyini vurub, “Əli qardaşdı” deyir.

 

 

 

- Çox yaxşı oğlandı. Neçə ildi bir yerdə işləyirik. Subaydı. Heç kimin toyuna getmirəm. Amma Əlinin toyuna gedəcəm (gülür).

 

 

 

Yox, Həmzə #toylarayoxde aksiyasına qoşulmayıb. Sadəcə, işdən-gücdən vaxtının olmadığıyla izah edir toylara getmədiyini.

 

 

Növbəti alıcı gəlir. Axşam saatları olduğundan alıcıların üzündən oxunur yorğunluqları. Orta yaşlı bir kişidi. Bir komplekti qoyub, digərini götürür. Deyəsən, seçə bilmir nə alsın. Bəyəndiyim birini məsləhət görürəm. O da bəyənir və alır. Beləcə, 31 yaşımda ilk alverimi edirəm. Hətta xatirə şəkli də çəkdiririk.

 

 

Alver olmayanda söhbətimizə davam edirik.

 

 

- Həmzə, evdə əsasən haranın mətbəxindən yeyirsiz?

 

 

- Azərbaycan. Bütün günü işdəyəm. Səhər gəlib axşam gedirəm. Öz mətbəximi öyrətməyə vaxtım olmayıb (gülür). Zarafat edirəm. Yoldaşım azərbaycanlı olduğu üçün onun bişirdiyi yeməkləri yeyirəm. Əslində bizim mətbəxlərimiz də bir-birindən elə də fərqlənmir. Düyü bizdə də var, sizdə də. Ət bizdə də var, sizdə də.

 

 

Ən xoşladığı yemək sizcə nədir? İnanmayacaqsız, amma mal ətindən şorba. Kabab yox, dolma yox, məhz şorba. Sonra düşünürəm, günə maksimum 30-40 komplekt satan adam kababdan, dolmadan danışası deyildi ki?!

 

 

...Hava qaraldıqca, soyuq adamı kəsir. Mən hər dəfə “Həmzə, mən daha gedim” dedikcə, o mənə “Ləman, hələ getmə. Bax, alver edirik” deyib saxlayır. Həvəsləndirmək üçün hələ faizini də verəcəyini vəd etdi. Beləcə qalıb bir yerdə 5 komplekt də satırıq. Biri isə sabah gəlib alacağını söz verir. Yeddiyə qalmış gördüm, daha dözə bilmirəm soyuğa. Elə Həmzə də rəhmə gəldi: “Bacı, sən daha get. Xəstələnərsən. Biz öyrəncəliyik. İndi payızdı. Hələ bunun qışı var”.

 

 

Beləcə, saat yarım ərzində 25 manatlıq alver edib Həmzəylə sağollaşıram. Avtobusa minib boş yerlərdən birində əyləşirəm. İstiydi içəri. Bədənin qızındıqca, Həmzə və küçədə işləyənlərin bir o qədər üşüdüyünü düşünürəm. Bir də çox şanslı olduğumuzu. Yayda kondisionerli, qışda istilik sistemli otaqda işləyənləri. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2119
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar