<span style="color:red;">DİQQƏT:  Girov qoyub, pul götürdüyünüz lombard istənilən vaxt qeyb ola bilər
24 iyun 2014 19:02 (UTC +04:00)

DİQQƏT: Girov qoyub, pul götürdüyünüz lombard istənilən vaxt qeyb ola bilər

Bu barədə APA TV-də yayımlanan "Sosium" verilişinin qonağı olan iqtisadçı ekspert Samir Əliyev deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən Mərkəzi Bankın kredit şərtlərini sərtləşdirməsi istehlak kreditlərinin azalmasına səbəb olduğundan bir qisim insan məcburiyyət qarşısında lombardlara və sələmçilərə üz tutub: "Xüsusi ilə lombardlara maraq artıb. Banklardan pul götürə bilməyənlər məcburdurlar ağır şərtlər irəli sürən lombardlardan pul götürsünlər. Hər yerdə lombardların artmasını müşahidə edirik. Təxminən aylıq 5-10 faizlə kredit verirlər. Bu illik hesablananda 60 faizdən çox edir. Belə çıxır ki, verdikləri pulun iki qatını alırlar. Bu gün camaat lombardlardan ona görə pul götürür ki, proses asan və sadədir. Vaxt itkisi olmur, pulu 1-2 saata almaq olur. Əlbəttə ki, pulu götürənlərin böyük əksəriyyəti əsasən dar ayaqda müraciət etdiklərinə görə şərtlərlə maraqlanmırlar".

Azərbaycanda lombardların fəaliyyətinə nəzarət olmadığını deyən Samir Əliyev problemin əsasən qanunvericilikdə olan boşluqlardan qaynaqlandığını bildirib: "Qanunda çox ciddi boşluqlar var. Əvvəllər lombardlar xüsusi icazə, lisenziya əsasında fəaliyyət göstərirdilər. Lombardı açan hüquqi şəxs olmalı idi. Lakin indiki qanunvericiliyə görə lombard fəaliyyəti xüsusi razılıq tələb olunan fəaliyyət növlərinə aid deyil. Belə çıxır ki, istənilən adam 2-3 gün ərzində lombard aça bilər. Bu gün yalnız Mülki Məcəllədə lombardların fəaliyyəti qismən əks olunub.
Qonşu ölkələrdə isə onların fəaliyyətini tənzimləyən xüsusi qanunlar var".

Lombard işlədən adam istənilən halda ofisi bağlayıb, ölkəni tərk edə bilər. Samir Əliyev deyir ki, xeyli müştəri toplayan və verdiyi pulun müqabilində iki qat girovlar götürən lombardların sahibləri heç bir problem olmadan girovları sata və qeyb ola bilər: "Burada boşluqlar o qədər çoxdur ki, vətəndaşların qoyduğu girovun təhlükəsizliyi barədə danışmağa dəyməz. Bu gün lombard sahiblərinin ölkəni tərk etməsinin qarşısını alan hər hansı qanun da yoxdur. Ona görə də belə hadisələr baş verir. Bu yaxınlarda eşitdim ki, bir nəfər lombarddan pul götürüb, indi isə həmin lombardın sahibini tapa bilmir. Deyirlər ki, guya İrandadır. Gözləyirlər ki, bəlkə həmin şəxs gəldi və girovu geri qaytardı".

Azərbaycanda nəinki lombardlarla, hətta kreditlə bağlı şikayətləri belə yönləndirəcək bir qurum yoxdur. İqtisadçı ekspert hesab edir ki, müvafiq institut yaradılmadığı təqdirdə bu problemlər azalmayacaq: "Maliyyə sektorunda insanların hüquqlarının pozulmasının qarşısının alınması üçün xüsusi qurum olmalıdır. Vətəndaş hara müraciət etsin, kimə müraciət etsin? Bax, bu sualın konkret cavabı yoxdur. Ən yaxşı halda məhkəməyə müraciət edilməli, vəkil tutulmalı və aylarla davam edən proses nəticəsi gözlənilməlidir. Lombarddan 500-600 manat pul götürən adamın vəkil tutmağa haradan pulu olacaq? Ona görə də hesab edirəm ki, maliyyə ombudsmanı yaradılmalıdır. Bu qurum məhkəməyə qədər problemlərin həlli ilə məşğul olmalıdır".

# 1016
avatar

Oxşar yazılar