“Respublikada qeydiyyatda olan narkotik istifadəçiləri arasında 14 yaşında 1 nəfər, 15-17 yaş arası 6 nəfər var". Lent.az-ın məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Afət Məmmədova jurnalistlərə açıqlamasında deyib. A. Məmmədovanın sözlərinə görə, son illərdə narkotik maddə istifadəçilərinin artma tendensiyası ilə yanaşı, narkotik maddə istifadəsində yaş həddinin cavanlaşması da müşahidə olunur: “Məhz buna görə də görülən bütün işlərin əsas məqsədi gənclər arasında profilaktik tədbirlərin aparılmasıdır . Respublika Narkoloji Mərkəzi son iki ildə Təhsil Nazirliyinin əməkdaşlığı ilə orta məktəb şagirdləri arasında profilaktik tədbirlər həyata keçirir. Səhiyyə və Təhsil nazirlikləri arasında imzalanan memoranduma əsasən, Bakı və regionlarda bütün orta və ali məktəblərdə bu yöndə tədbirlər həyata keçirilib”.
Narkotik maddə istifadəsinin təkrarlanan bir xəstəlik olduğunu və bu xəstəliyin başlanmasında 18-20 yaş qrupunun üstünlük təşkil etdiyini vurğulayan A.Məmmədova bildirib ki, ölkədə narkotik maddə istifadəsinin geniş yayılmasının ən mühüm səbəbi Azərbaycanın tranzit mövqedə yerləşməsidir. A. Məmmədova deyib ki, nəinki Azərbaycanda, ümumiyyətlə dünyada narkotik xəstəlikdən tam olaraq sağalma faizini ya rəqəmini söyləmək qeyri-mümkündür: “Bu xəstəliyin təkrar yaranma ehtimalı var. Çünki bu, tibbi xəstəlik olmaqla yanaşı, sosial bir xəstəlikdir. Xəstənin sağlam sosial mühitə düşməsi yenidən istifadə hallarının qarşısını almağa kömək edəcək”.
A. Məmmədova vurğulayıb ki, QİÇS-lə Mübarizə Mərkəzinin Respublika Narkoloji Mərkəzə təqdim etdiyi rəqəmin 50-60%-ni narkomanlar təşkil edir: “Narkotik maddə istifadəçiləri QİÇS-in yayılmasında əsas risk qrupudur".