Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin işə qəbulu üzrə test imtahanının nəticələrində tətbiq ediləcək keçid balını açıqlayıb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, keçid balı düzgün cavabların sayının bütün sualların sayına nisbətdə faiz göstəricisi ilə müəyyənləşdirilir. Test imtahanlarının nəticələrinə əsasən, keçid balının aşağı həddi həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə qəbul üçün 60%, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə qəbul üçün isə 80% nəzərdə tutulub.
Bal hesablanarkən səhv cavabların sayı düz cavabların sayına təsir etmir, düz cavabların sayına uyğun bal verilir.
Nazirlik müəllim işləmək istəyənlər arasında həvəsləndirmə tədbirlərinin kimlərə şamil olunduğunu da açıqlayıb. Bu tədbirlər dövlət sifarişinə əsasən, kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən yaşı 35-dək olan gənc mütəxəssislərə şamil edilir. Həvəsləndirmə tədbirlərinə əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım, rayon mərkəzlərindən 20 km-ə qədər məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində ayda 60 (altmış) manat məbləğində kompensasiya, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində ayda 60 (altmış) manat məbləğində kompensasiya və aylıq əməkhaqqına 100 (yüz) manat məbləğində əlavə daxildir.