“Cari ildə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi tərəfindən təyinatından asılı olmayaraq, fiziki və hüquqi şəxslər tərəfindən tikinti işləri aparılan 1980 obyektdə tikinti forma və qaydalarının tələblərinə, layihəyə, təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə əməl olunmasına nəzarətin təmin olunması məqsədi ilə dövlət nəzarəti qaydasında yoxlama işləri aparılıb”.
APA-nın məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü münasibətilə dekabrın 14-də keçirilən genişləndirilmiş kollegiya iclasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K. Heydərov bildirib ki, aşkar olunmuş nöqsanların tikinti işləri dayandırılmadan aradan qaldırılmasının təmin olunması barədə icrası məcbur olan göstərişlər, bir sıra halda isə "Tikinti işlərinin dayandırılması" qaydasına əsasən, tikintidə pozuntuların qarşısının alınması, vaxtında aradan qaldırılması üçün tikinti işlərinin dayandırılması barədə qərarlar verilib: “Neft və qazçıxarma sənayesində, maye qaz təminatı obyektlərində yerin təkinin mühafizəsi və kimya, neft-kimya, hava və dəniz nəqliyyatında, magistral boru kəmərlərində və digər bu kimi sahələrdə işlərin təhlükəsiz görülməsinə nəzarət məqsədi ilə 1768 müəssisədə 25 mindən artıq təhlükə potensiallı qurğu və avadanlıq üzrə texniki müayinələr keçirilib. Nəticədə 5 min 728 pozuntu aşkar edilib, bir sıra qurğu və avadanlıqların istismarına müvəqqəti qadağa qoyulub. Təhlükəsiz istismar qaydalarına əməl olunması ilə bağlı 1668 göstəriş aktı verilib. 3 mindən artıq fəhlə və mühəndis-texniki işçinin texniki təhlükəsizlik qaydaları üzrə bilikləri yoxlanılıb”.
Fövqəladə hallar naziri qeyd edib ki, əhalinin və ətraf mühitin radiasiya təhlükəsizliyinin təmin edilməsi və ionlaşdırıcı şüalanma mənbələrinin fiziki mühafizəsinin təşkilinin yoxlanılması məqsədi ilə sənaye və elmi tədqiqat müəssisələrində 102 nəzarət yoxlama tədbiri həyata keçirilib: “Eyni zamanda idxal-ixrac əməliyyatları zamanı 29 müəssisədə 427 radioaktiv mənbənin eyniləşdirilməsi və dozimetrik nəzarət həyata keçirilib. Sahibkarların müraciəti əsasında 37 müəssisəyə aviasiya təhlükəsizliyinin gücləndirilməsi üzrə, 79 müəssisəyə isə qəza hallarında hazırlıq və cavabvermə üzrə tədbirlərinin gücləndirilməsi ilə bağlı metodiki köməklik göstərilib. İzotop Xüsusi Kombinatı tərəfindən tərkibində şüalanma mənbəyi olan 482 ədəd müxtəlif qurğu və cihazlar ölkədaxili marşrutlara nəql edilib. Fiziki və hüquqi şəxslərə məxsus 595 kiçik həcmli gəmi mövcud qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınıb, 2349 kiçik həcmli gəmiyə baxış keçirilib”.