“Hazırda respublika üzrə 2015-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 28555 nəfərdir”. Lent.az-ın məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov ölkədə narkoloji xidmətin müasir vəziyyətinə həsr olunmuş dəyirmi masada deyib. T. Məmmədhəsənovanın sözlərinə görə, onlardan dispanser qeydiyyatında olanlar 23153, profilaktik müalicə alanlar 5402, anonim müalicə alanlar 583, toksikomanlar 158 nəfər təşkil edir.
Mərkəz direktoru əlavə edib ki, narkotik istifadəçilərinin 592 nəfəri qadındır.
2015-ci il ərzində 2017 narkoman qeydiyyata götürülüb. T. Məmmədhəsənov qeyd edib ki, Nazirlər Kabinetinin 26 yanvar 2006-cı il tarixli qərarı ilə ölkəmizdə “Narkomanlıq xəstəliyinə düçar olan şəxslərin müalicəsində istifadə olunan əvəzedici müalicə proqramlarının tətbiqinin Şərtləri və Qaydaları” təsdiq edilib: “Bu proqramlar inyeksion yolla narkotik maddələr istifadə edənlər arasında İİV/QİÇS-in yayılmasının qarşısını almağa yönəlib. Son üç il ərzində Metadonla əvəzedici müalicə proqramı üzrə fəaliyyət göstərən iki məntəqədə 424 xəstə müalicə alıb”.
Mərkəz direktorunun sözlərinə görə, ötən il 2833 nəfər könüllü müalicə almaq üçün Mərkəzə müraciət edib: “2015-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Narkoloji Mərkəzə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2015-ci il ərzində ekspertizadan cəmi 3111 nəfər keçib. Onlardan 1577 nəfərə məcburi müalicə təyin olunub”.
T. Məmmədhəsənov çıxışında bildirib ki, mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 13 nəfərdir: “Bakı, Sumqayıt, Lənkəran, Mingəçevir şəhər narkoloji dispanserləri və bir sıra Mərkəzi Rayon Xəstəxanalarının narkoloji kabinetlərinin nəzdində ümumilikdə 48 könüllü məsləhət və müayinə məntəqəsi təşkil edilib. Ötən il ərzində məntəqələrdən 44278 nəfər şəxs müayinədən keçib”.
Mərkəz direktoru son olaraq əlavə edib ki, 2015-ci ildə Respublika Narkoloji Mərkəzində 30655 nəfər sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçib.