"Prezidentin təşəbbüsü ilə həyata keçirilən "Xaricdə təhsil üzrə birinci Dövlət Proqramı" (2007-2015) çərçivəsində 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə edib. İcrası keçən il sona çatan proqram qarşısında qoyulan əsas məqsədlərin bəziləri yerinə yetirilmiş kimi qəbul olunur".
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Birinci proqramın tətbiq olunduğu dövrdə tələbələrin əsas hissəsinin bakalavr təhsil pilləsinə göndərildiyini deyən M. Cabbarov qeyd edib ki, bu, ölkənin ali təhsil sektoruna, universitetlərin səviyyəsinin, onların rəqabətliliyinin artırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir: "Gələcəkdə proqramın fokusu iki istiqamətdə dəyişdiriləcək. Bura bakalavrlardan daha çox magistr və doktorant səviyyəsində təhsilə göndərilən, artıq müəyyən nailiyyətlərə imza atan namizədlərə üstünlüklərin verilməsi aiddir. Bakalavrlar yalnız nadir hallarda (seçilən ixtisas Azərbaycanda tədris olunmur) xaricə göndərilə bilər. Çünki Azərbaycanda bu sahədə bir çox irəliləyişlər əldə olunub. Digər yenilik və istiqamət ölkənin aparıcı universitetlərinə xaricdən professor və müəllimlərin cəlb edilməsi məsələsi olacaq”.
Nazir qeyd edib ki, ali təhsilin beynəlmiləlləşməsi adi prosesdir. Onun sözlərinə görə, burada söhbət proqramın ləğvindən deyil, daha müfəssəl, planlaşdırılmış və düşünülmüş şəkildə resurslarından istifadə etməkdən gedir: "Təbii ki, proqrama edilməsi nəzərdə tutulan dəyişikliklər strateji dəyişikliklərdir”.
M. Cabbarov əlavə edib ki, xaricdə təhsil proqramında kvotanın rəqəmlə ifadəsi olmayıb. Bu da layihənin dizaynı ilə üst-üstdə düşmür.