«Park Bulvar»da veteranlarla görüş keçirilib
01 may 2015 15:36 (UTC +04:00)

«Park Bulvar»da veteranlarla görüş keçirilib

II Dünya Müharibəsində qazanılan böyük Qələbənin 70 illiyinin qeyd olunması ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş qrafikə əsasən rayonda müxtəlif tədbirlər, veteranlarla görüşlər keçirilir. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, belə tədbirlərdən biri «Park Bulvar» Ticarət və İstirahət Mərkəzinin təşəbbüsü ilə təşkil olunub. Müharibə illərindəki qanlı döyüşlərdə qəhrəmanlığa, arxa cəbhədə fədakar əməyə görə aldıqları orden və medalları fəxrlə taxmış veteranları, görüşdə iştirak edən ictimaiyyət nümayəndələrini «Park Bulvar» Ticarət və İstirahət Mərkəzinin mətbuat katibi, tanınmış jurnalist Günay Malikqızı salamlayaraq əlamətdar yubiley münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

 

Qeyd olunub ki, Böyük Vətən Müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında  sağ qalanlar – o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Bu gün hər bir vətəndaş, xüsusi ilə Azərbaycan gənci öz tarixini bilməli, həmin dövrdə babalarının əldə etdikləri qələbənin qiymətini dərk etməlidir. Müharibədə qazanılan qələbədə Azərbaycanın böyük payı var. 700 minə yaxın Azərbaycanlı bu müharibədə iştirak etmiş, onların təxminən yarısı həlak olub.

 

Səbail Rayon İcra Hakimiyyətinin sektor müdiri İsrafil Kərimov bildirib ki, əlamətdar yubiley ərəfəsində Səbail rayonunda keçirilən silsilə tədbirlərdə müharibə illərində həlak olmuş döyüşçülərin xatirəsi böyük ehtiramla yad edilir, rayonda müharibə qəhrəmanlarının şərəfinə ucaldılmış abidələr və xatirə kompleksləri ziyarət edilir. Bildirilib ki, müharibə illərində  döyüşən ordunun yanacaqla təminatında Azərbaycan xalqının böyük əməyi olmuş, SSRİ-də çıxarılan neftin 69 %-ni Bakı verib. Müharibə illərində Azərbaycanın bütün bölgələrində 66 təxliyə hospitalı yaradılıb. Səbail rayonunda isə 49, 189 və 190 saylı orta məktəblərdə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin və s. binalarda müharibə illərində təxliyə hospitalları yerləşib. Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pərvanə Kazımzadə bildirib ki,  ulu öndər Heydər Əliyev daim veteranlara xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanıb. O, qeyd edib ki, «Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, II Dünya müharibəsinin, Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz və ən mötəbər insanlarımızdır».

 

Tədbirdə çıxış edən veteranlar öz xatirələrindən söz açıb, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Tədbir iştirakçılarına Tibb Universiteti Tədris Terapevtik Klinikada  pulsuz müayinə kuponları və hədiyyələr təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 110
avatar

Oxşar yazılar